AZ

Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?.. EKSPERT

Moderator.az saytına istinadən ain.az xəbər verir.

“Təhsilin   "rasionallaşma"sı və  məşğulluğun   “optimallaşdırılması”nın əsas səbəbi,  daha az maliyyə xərcləməkdir. Amma ETN-də  dostların QHT və MMC-lərinin əhəmiyyətsiz  layhələri üçün  pul xərcləyəndə heç qənaət haqda düşünmür...”

“Məzunların  yeni iş yerlərini daha tez yaratması üçün ali  təhsil müddəti 4 ildən 3 ilə salınır?  4 illik təhsillə məzun yeni iş yeri açmağa hazır deyilsə,  3  illik təhsillə  bunu necə edəcək?..”  

“1 il səhv istiqamətdə  gedən təhsil islahatının nəticələrini aradan qaldırmaq üçün 5-10 il vaxt lazım ola bilər...”   

Moderator.az aktuallığını nəzərə alaraq təhsil eskperti, ADPU-nun dosenti İlham Əhmədovun  “Təhsildə rasionallaşmanın faydası olacaqmı?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:   

Son aylar  təhsildə optimallaşdırma və rasionallaşdırma mövzusunda müzakirələr  geniş vüsət alıb. Xəzər Universitetimim təsisçisi, professor Hamlet İsaxanlı öz  müsahibəsində  qeyd edir: "Azərbaycanda dövlət ali məktəblərinin bəziləri bağlanacaq, bəziləri birləşəcək". 

Eyni zamanda  bakalavr  təhsil  pilləsinin  4 ildən 3 ilə, magistr təhsil pilləsinin  2 ildən 1 ilə endirilməsi haqqında da müzakirələr gedir.  Belə rasionallaşma tədris yükünün,  deməli, həm də universitetlərdə ştatların 25-35 % həcmində  ixtisarı deməkdir. Bu halda müvafiq agentlikdə də ixtisarlar ola bilər. 

Elm və Təhsil Nazirliyi bu qərarlara qəribə izah verir: bu "müasir əmək bazarının tələblərinə çevik cavab 

vermək" üçün edilir. Hansı əmək bazarı, hansı tələblər?  ETN  bu ərəfədə  bildirirdi ki,  məzunlar bizdən iş tələb etməsinlər, özləri yeni iş yerləri yaratsınlar. Yəni əmək bazarında onlara iş yoxdur, kimlər iş istəyirsə, özlərinə iş yaratmalıdır, yəni,  “özünüməşğulluq”  prinsipinə keçirik daha... 

Məzunların  yeni iş yerlərini daha tez yaratması üçün ali  təhsil müddəti 4 ildən 3 ilə salınır?  4 illik təhsillə məzun yeni iş yeri açmağa hazır deyilsə,  3  illik təhsillə  bunu necə edəcək?  

Bu gün ümumtəhsil məktəbinin  11 ildən 12 ilə keçməsi də müzakirə edilir. Bu halda məzunların əmək bazarına inteqrasiyasında əlavə bir il itirilir, yəni faktiki olaraq  əmək  bazarına daxil olma müddətində  fərq yaranmır. Bəs nə üçün bu ideyalar irəli srülür?..  

Ölkənin  elmə əsaslanan  təhsil siyasəti  və strategiyası olmadığı üçün sistemsiz və xaotik dəyişikliklər təklif edilir, amma bu  inkişafa səbəb ola bilməz.  Universitetdə təhsil müddətindən bir il kəsmək, müəllimlərin təxminən  25-35%  ixtisarı, məktəbin 11 ildən 12 ilə keçməsi isə məktəbdə 10%  əlavə dərsin yükü və yeni ştatların yaranması deməkdir. Fərq budur ki, məktəblərdə artan ştata işə qəbul prosesini  ETN aparacaq, MİQ imtahanı ilə, ali məktəblərdə  ixtisar və işə qəbul  ETN üçün maraqlı deyil, bunu  universitetlər özləri edəcəklər...  

30 il ərzində TN və ETN ölkənin uzunmüddətli   təhsil strategiyasını yaratmaq üçün  heç bir  ciddi tədqiqat  aparmayıb.  Ümumən ölkədə  reallaşan  təhsil islahatının heç bir elmi təminatı yoxdur.  Bu gün  informasiya cəmiyyəti və süni intellekt dövründə  elmə əsaslanmayan proseslər, o cümlədən  təhsil  islahatları  tərsinə qurulmuş təhsil  sistemi yaradıb.  Ekspertlər  deyirlər ki, 1 il səhv istiqamətdə  gedən təhsil islahatının nəticələrini aradan qaldırmaq üçün 5-10 il vaxt lazım ola bilər.   

Təhsilin   "rasionallaşma"sı və  məşğulluğun   “optimallaşdırılması”nın əsas səbəbi,  daha az maliyyə xərcləməkdir. Amma ETN-də  dostların QHT və MMC-lərinin əhəmiyyətsiz  layhələri üçün  pul xərcləyəndə heç qənaət haqda düşünmür.  

İllər ərzində universitetlərimizin büdcəsinin azlığı, bəzi menecerlərin səriştəsizliyi və məsuliyyətsizliyi, ali təhsil islahatlarının səhv layihələnməsi, səmərəsiz və yarımçıq icrası keyfiyyətli insan kapitalı yaratmağa imkan vermədi. İndi belə rasionallaşmalarla universitetlər  keyfiyyətli insan kapitalı yaratmaq imkanı daha da azalacaqdır.   

Əgər təhsil büdcəsi son 5 ildə dinamik artırsa, onda bu optimallaşmalara  ümumiyyətlə,  nə ehtiyac var? Sadəcə təhsil büdcəsini  düzgün planlaşdırmaq və səmərəli icra etmək lazımdır, indiki kimi israfla yox. 

Qənaət ediləcək bu  pullar  universitetlərin hansı problemlərinin həllinə yönələcək ki? İndiyə qədər universitetlərin hansı problemləri həll edilib ki?..   

20 ildir ki, universutetlərimiz  yarımçıq  maliyyələşdirmə səbəbi ilə  Boloniya prosesinə  qoşula bilmirlər. Bütün bu işlərin bir səbəbi az maliyyədirsə, digər   səbəbi də məmur səriştəsizliyidir. Görünür, təhsil menecerləri üçün  peşə standartını yaratmaq və bu əsasda  yenidən, daha peşəkar ETN komandasını  formalaşdırmaq lazımdır. Əks halda ölkədə reallaşması nəzərdə tutlan rəqəmsal transformasiya prosesləri şəraitində adekvat təhsil sistemi qurmaq mümkün olmayacaq. 

Son  illərin təcrübəsi göstərir ki, ETN-dəki qeyri-peşəkar  komanda ilə perspektivli təhsil sistemi qurmaq,  keyfiyyətli insan kapitalı yaratmaq, ölkəni  postneft dövrünə  hazırlamaq  mümkün deyil. Bu səbəblərdən  rasionallaşma və optimallaşdırma proseslərini ilk növbədə  ETN-dən başlamaq lazımdır, yoxsa təhsil sistemi düzəlməyəcək.  Ölkənin ali təhsil strategiyası yoxdur,  6- 7 ildir ali təhsil haqqında qanun üzərində  iş yekunlaşmaq bilmir. Ölkə hər 100 000 nəfərə əhaliyə  düşən ali təhsilli  insanların sayına görə qonşu  ölkələrdən geridədir. Universitetlərin sayı və  tələbə qəbulu  planı azalarsa, biz daha da geriləyə bilərik.  Əmək bazarında vakant iş yerlərinin az olması da rasionallaşma haqda  qərara təsir edir. 

Təəssüf ki, neft pullarının çox  gəldiyi  illərdə  TN  ölkədə normal ali təhsil sistemi formalaşdıra bilmədi, universitetləri inkişaf etdirmədi.  Növbəti illərdə ali təhsilin maliyyələşməsi, islahat imkanları, ehtimal ki, azalacaqdır.əə

Əvvəlki illərdə universitetlər zəif maliyyələşdilər, investisiyalar olmadı, olan az pul da əsasən təmir-tikintiyə yönəldi. Bu səbəblərdən universitetlərimiz rəqabətqabiliyyətli ola bilmədi, əmək bazarı və sənayedən uzaq düşdü, elm inkişaf etmədi, rəqəmsal yetkinlik, süni intellekt dövrünə hazırlıq zəif oldu.

Çünki təhsil menecerləri bir çox hallarda nəyi, nə vaxt və necə edəcəklərini bilmirlər. Universitetlərdə 4 il bakalavr, 2 il magistr təhsili verməklə keyfiyyətli  insan kapitalı yetişdirə bilmədiksə,  3+2 illik təhsillə bunu edə biləcəyikmi? Bu məzunlar özlərinə yeni iş yerləri yarada  biləcəkmi?..   

Dosent İlham Əhmədov”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
moderator.az

2Mənbələr