AZ

Zamiq Əliyev “Teuta”ya qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 4:2. Əliyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eqnatiya” 27 turdan sonra 49 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda 27 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 61 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
62
15
arena.az

10Mənbələr