AZ

SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün şərt qoyub

İsrail və ABŞ səfirlərini ölkədən qovan istənilən Körfəz və ya Avropa dövləti Hörmüz boğazından keçə biləcək.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Hərbçilər bildirib ki, şərti yerinə yetirən ölkələrin gəmiləri bir gün boğazdan keçə biləcək.

Hörmüz boğazı dünya iqtisadiyyatı baxımından son dərəcə mühüm strateji rol oynayır. Belə ki, qlobal neft istehlakının təqribən 20 %-i, Fars Körfəzi dövlətlərindən mayeləşdirilmiş təbii qaz (LNG) ixracatının 30 %-i, Avropa qitəsinin aviasiya yanacağı idxalatının təqribən 40 %-i, dizel yanacağının isə 10 %-dən artıq hissəsi, Asiyanın gündəlik neft idxalatının 2 milyon bareli məhz bu boğazdan keçir.

İraqın ümumi neft ixracatının 97 %-i, Səudiyyə Ərəbistanının 89 %-i, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 66 %-i, eləcə də İran, Küveyt və Qətərin qlobal bazarlara yönəldilən bütün nefti bu boğaz vasitəsilə nəql olunur. Yaxın Şərq regionundan neft ixracatı əsasən bu dəniz keçidindən həyata keçirildiyinə görə, ixracın alternativ istiqamətlərə yönləndirilməsi imkanları olduqca məhduddur.

Səudiyyə Ərəbistanı və BƏƏ müəyyən məhdud həcmləri şərq-qərb boru kəməri, həmçinin Əbu-Dabi boru kəmərləri vasitəsilə başqa marşrutlara yönləndirə bilər, ancaq bu alternativ yollar adi axınların yalnız kiçik bir hissəsini əvəz edə bilir. Nəticədə sutkada faktiki olaraq 8-10 milyon barel xam neft bazardan kənarlaşır.

Seçilən
69
1
qaziler.az

2Mənbələr