AZ

Naxçıvan Dövlət Kukla Teatrının direktoru: Teatr xalqın ruhunu yaşadan canlı sənətdir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 10 mart, AZƏRTAC

Martın 10-u Azərbaycan mədəniyyət tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur və Azərbaycan professional teatrının yaranması ilə bağlıdır. Azərbaycan teatrı yarandığı gündən etibarən yalnız səhnə sənəti deyil, həm də cəmiyyətin mənəvi həyatını formalaşdıran mühüm mədəni institutlardan biri olub. Teatr xalqın düşüncəsini, həyat tərzini və sosial problemlərini səhnədə əks etdirən canlı sənət məkanıdır. Bu inkişaf prosesində Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi görkəmli ziyalıların yaradıcılığı teatr sənətinin ideya və estetik istiqamətlərinin zənginləşməsinə böyük təsir göstərib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan teatr sənətinin inkişafında mühüm rol oynayır. Bu diyar uzun illərdir ki, teatr ənənələrinin qorunub saxlanıldığı və inkişaf etdirildiyi mühüm sənət məkanlarından biri kimi tanınır. Naxçıvanda hazırda 3 dövlət (Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı), 2 müstəqil teatr (Yeni Era Uşaq və Gənclər Teatrı, Altai teatrı) fəaliyyət göstərir. Bu zəngin teatr mühitində müxtəlif janrlarda tamaşalar hazırlanır və tamaşaçılara təqdim olunur.

Səyyad Məmmədovun sözlərinə görə, bu sənət ocaqları arasında 1989-cu ildən fəaliyyətə başlayan M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı xüsusi yer tutur. Ənənəvi olaraq Kukla Teatrı daha çox uşaqlar üçün nəzərdə tutulan tamaşalarla tanınsa da, bu teatrın fəaliyyəti təkcə bununla məhdudlaşmır. Burada həm uşaqlar, həm də böyüklər üçün maraqlı tamaşalar hazırlanır. Teatrın repertuarında Azərbaycan dramaturgiyası, xalq nağılları və xarici ədəbiyyat nümunələrinin motivləri əsasında hazırlanmış səhnə əsərləri də yer alır. Bu baxımdan Kukla Teatrı yalnız uşaq tamaşalarının təqdim olunduğu səhnə deyil, həm də müxtəlif yaş qrupları üçün bədii-estetik məzmun daşıyan tamaşaların hazırlandığı yaradıcı bir platformadır. Dünya teatr təcrübəsində olduğu kimi, kukla teatrı bəzən fəlsəfi və simvolik məzmun daşıyan tamaşaların səhnələşdirilməsi üçün də çox maraqlı və təsirli vasitə hesab olunur.

Kukla Teatrının direktoru vurğulayıb ki, müasir dövrdə kukla teatrları yeni yaradıcılıq axtarışları ilə inkişaf edir. İnnovativ səhnə həlləri, müasir texnologiyaların tətbiqi, müxtəlif kukla texnikalarının birgə istifadəsi və yeni dramaturji yanaşmalar teatrın ifadə imkanlarını daha da genişləndirir. Bu mənada Naxçıvan Dövlət Kukla Teatrı da ənənə ilə müasirliyi birləşdirən, yaradıcı eksperimentlərə açıq olan innovativ teatr mühiti formalaşdırmağa çalışır. Teatrın repertuarında Azərbaycan xalq nağılları, uşaq ədəbiyyatı nümunələri, müasir müəlliflərin əsərləri ilə yanaşı, dünya dramaturgiyasının bəzi maraqlı nümunələri də səhnələşdirilir. Bu isə həm uşaqların, həm də böyüklərin teatra marağını artırır və teatrın tamaşaçı auditoriyasını genişləndirir.

"10 Mart – Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini və sənətsevərləri təbrik edirəm. İnanıram ki, Azərbaycan teatrı, o cümlədən Naxçıvanın teatr mühiti bundan sonra da yeni yaradıcılıq uğurları ilə zənginləşəcək və milli mədəniyyətimizin inkişafına xidmət etməyə davam edəcəkdir. Çünki teatr yalnız səhnədə oynanan bir tamaşa deyil, xalqın ruhunu yaşadan canlı sənətdir", - deyə teatrın direktoru əlavə edib.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azertag.az

1Mənbələr