AZ

Vətəndaşlarımızın bu müharibədə iştirakı ciddi problemdir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə Azərbaycan vətəndaşlarının cəlb olunması həm hüquqi, həm də mənəvi baxımdan ciddi problem kimi qiymətləndirilməlidir”.

Bunu Hafta.az-a açıqlamasında hüquqşünas Vüqar Dadaşov bəzi azərbaycanlıların Rusiya-Ukrayna müharibəsində döyüşlərdə iştirakına münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, Azərbaycan vətəndaşlarının ədalətsiz və təcavüzkar xarakter daşıyan münaqişədə iştirakı mənəvi baxımdan doğru sayıla bilməz. Onun sözlərinə görə, Azərbaycanın torpaqları təxminən 30 il ərzində Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan tərəfindən işğal altında saxlanılıb və bu vəziyyət uzun müddət qorunmağa çalışılıb.

“Azərbaycan Respublikası isə bu işğala qarşı ciddi qəhrəmanlıq göstərərək ərazilərinin azad olunması uğrunda böyük itkilər və ağır sınaqlarla üzləşib. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı üçün Rusiya–Ukrayna müharibəsində iştirakın mənəvi tərəfi ciddi suallar doğurur”.

V.Dadaşov qeyd edib ki, məsələnin digər mühüm tərəfi Rusiyanın Ukraynada apardığı müharibənin mahiyyəti ilə bağlıdır. Onun fikrincə, azərbaycanlıların bu müharibədə iştirakı Rusiyanın şovinist və imperialist siyasətinin həyata keçirilməsinə dolayısı ilə dəstək vermək deməkdir.

Ekspert xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə SSRİ-nin dağılmasını faciə kimi qiymətləndirdiyini bildirib və Rusiyanın əsas məqsədlərindən birinin keçmiş Sovet məkanında təsir imkanlarını bərpa etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynada bəzi əməliyyatları SSRİ simvollarından istifadə etməklə aparması da bu yanaşmanın göstəricisi kimi qiymətləndirilir:

“Hətta bu kontekstdə azərbaycanlıların Rusiya tərəfdən müharibədə iştirak etməsi, ümumiyyətlə, bu müharibəyə qoşulması Azərbaycan dövlətinin və xalqının milli maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.

Ekspert bildirib ki, bu reallıqları nəzərə almadan müharibəyə qoşulmaq ən azı Azərbaycan xalqının gələcəyini riskə atmaq kimi qiymətləndirilə bilər və bunun həm hüquqi, həm də mənəvi məsuliyyəti var. V.Dadaşovun sözlərinə görə, məsələnin hüquqi tərəfi də kifayət qədər aydındır. O qeyd edib ki, Rusiya xarici vətəndaşların müharibəyə cəlb olunmasını asanlaşdırmaq üçün daxili qanunvericiliyində müəyyən dəyişikliklər edib və bu şəxslərə vətəndaşlıq, maddi kompensasiya və digər sosial təminatlar təklif edir. Bu isə təkcə Azərbaycandan deyil, həmçinin Afrika, Orta və Mərkəzi Asiya ölkələrindən olan şəxslərin də müharibəyə cəlb olunmasına şərait yaradır.

Lakin hüquqşünas vurğulayıb ki, beynəlxalq hüquqa görə ədalətsiz və qanunsuz müharibələrdə iştirak yolverilməzdir:

“Azərbaycan vətəndaşlarının Rusiya tərəfindən Ukraynada aparılan müharibədə iştirakı həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir. Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 114-cü maddəsində (muzdluluq) və 279-cu maddəsində (qanunsuz silahlı birləşmələrdə iştirak) nəzərdə tutulur. Hər iki maddə ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və müvafiq məsuliyyət nəzərdə tutur”.

V.Dadaşov Azərbaycan vətəndaşlarının müharibədə iştirak etməsinin səbəblərinə də toxunub. Onun fikrincə, bu səbəblərdən biri sosial-iqtisadi amillərlə bağlıdır:

"Xüsusilə 44 günlük müharibədən sonra bəzi insanların maddi vəziyyətinin zəif olması müəyyən şəxsləri Rusiyanın təklif etdiyi yüksək maliyyə vədlərinə meyilləndirə bilər. Lakin bu amil qanun qarşısında məsuliyyəti aradan qaldırmır. Gələcəkdə bu cür halların qarşısının alınması üçün əhalinin geniş şəkildə maarifləndirilməsi vacibdir. Eyni zamanda, Azərbaycanda müharibə iştirakçılarına - Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına sosial təminatın artırılması da zəruri hesab olunur. Hazırda veteranlara verilən 80 manat məbləğində təqaüd onların daimi dolanışığını təmin etmək üçün kifayət etmir. Buna görə də vətəndaşların qanunla təmin olunmuş minimum sosial təminat səviyyəsinin artırılması vacibdir. Nəticə etibarilə, əhalinin maarifləndirilməsi və qanunsuz silahlı birləşmələrdə iştirakın cinayət məsuliyyəti yaratdığı barədə məlumatlandırılması gələcəkdə Azərbaycan vətəndaşlarının bu cür hallara görə məsuliyyətə cəlb olunmasının qarşısını almağa kömək edə bilər".

Tahirə Qafarlı

Seçilən
41
hafta.az

1Mənbələr