AZ

Avtomobil nəhəngindən SƏRT QƏRAR: 50 min işçini AZAD EDİR

Volkswagen mənfəətin kəskin azalması fonunda 50 min iş yerini ixtisar edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər “Volkswagen” konserninin hesabatına istinadən məlumat yayıb.

Məşhur alman avtomobil nəhəngi “Volkswagen” mənfəətin ciddi şəkildə azalması səbəbindən işçi heyətinin kütləvi ixtisarına başlayacağını elan edib.

2025-ci ilin yekunlarına görə, şirkətin xalis mənfəəti demək olar ki, iki dəfə azalaraq 6,9 milyard avroya (təxminən 12 milyard 696 milyon manat) düşüb ki, bu da 2016-cı ildən bəri ən pis göstəricidir.

Bununla əlaqədar olaraq, konsern 2030-cu ilə qədər Almaniyada təxminən 50 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu, əvvəlcədən nəzərdə tutulan 35 minlik ixtisar proqramının daha da genişləndirilməsi deməkdir.

Konsernin rəhbəri Oliver Blume bildirib ki, bu addımlar gəlirliliyin düşməsi, ABŞ-də tətbiq olunan yeni gömrük rüsumları və “Porsche” brendində yaranan problemlərlə bağlıdır.

Maliyyə direktoru Arno Antlits isə rentabelliyin çox aşağı olduğunu və uzunmüddətli inkişaf üçün mövcud gəlirlərin kifayət etmədiyini qeyd edib.

Şirkətin ümumi dövriyyəsi (gəliri) demək olar ki, dəyişməz qalaraq təxminən 322 milyard avro (təxminən 592 milyard 480 milyon manat) təşkil edib. İl ərzində doqquz milyona yaxın avtomobil satılıb.

Avropa və Cənubi Amerikada tələbat artsa da, Çin və Şimali Amerika bazarlarında azalma müşahidə olunub.

“Volkswagen” həmçinin elektromobil satışlarının sürətlə artdığını, lakin məhz elektrikli modellərə keçid prosesinin hələlik ümumi mənfəəti aşağı saldığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
113
interpress.az

1Mənbələr