AZ

İmtahan dövründə uşaqlara psixoloji dəstək vacibdir - AÇIQLAMA

"Şagirdlərin imtahan dövründə ailədə sağlam və sabit psixoloji mühitin olması çox vacibdir. Valideynlər bəzən yüksək nəticə gözləntisi ilə uşağın potensialından artıq tələb irəli sürürlər ki, bu da şagirdin üzərində əlavə stress və təzyiq yaradır. Nəticədə uşaq özünü daim yetərsiz hiss edir, bəzən isə valideynin reaksiyasından qorxaraq həqiqəti gizlətməyə və ya yalan danışmağa meyil göstərə bilər. Gözləntilər reallaşmadıqda isə həm uşağın özü ilə, həm də ailə üzvləri ilə münasibətlərdə gərginlik yaranır".

İmtahan dövründə valideynlərin uşaqlarına münasibətləri haqqında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Missiya.Az-a danışıb."İmtahan dövründə valideynlərin övladlarına münasibəti dəyişməməlidir. Uşaq hiss etməməlidir ki, onunla münasibət yalnız nəticələrə bağlıdır. Əgər uşaq evdə hansısa nəticəyə görə münasibətin dəyişdiyini görürsə, bu, onda güclü məyusluq, özünə inamsızlıq və hətta depressiv hallar yarada bilər. Unutmaq olmaz ki, uşaqlarda ümidsizlik və dəyərsizlik hissinin formalaşması gələcəkdə daha ağır psixoloji problemlərə səbəb ola bilər. Heç bir universitet, ixtisas və ya uğur övladın psixoloji və fiziki sağlamlığından daha önəmli deyil",-psixoterapevt bildirib.Rövşən Nəcəfovun sözlərinə görə, valideynlər imtahanların həyatın yalnız bir mərhələsi və qəbul prosesinin bir hissəsi olduğunu anlamalıdırlar. Övladlarının maraq və bacarıqlarına uyğun ixtisas seçiminə hörmətlə yanaşmaq onların gələcək motivasiyasını və uğurunu daha da artırır. Uşaqlara səhv etmək haqqının verilməsi də vacibdir, çünki insan həyatı məhz təcrübə və səhvlərdən öyrənərək formalaşır.

"Valideynlərin istifadə etdiyi ifadələr də uşağın psixoloji vəziyyətinə ciddi təsir edir. “Ən yaxşısını etməlisən” kimi təzyiq yaradan cümlələr əvəzinə “Əlindən gələni edəcəyinə inanıram və nəticə nə olursa olsun, bu mənim sənə münasibətimi dəyişmir” mesajını vermək daha sağlam və motivasiyaedici yanaşmadır. Belə bir dəstək mühiti şagirdin özünə inamını artırır və imtahanlara daha sakit və fokuslanmış şəkildə hazırlaşmasına kömək edir",-R.Nəcəfov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
71
missiya.az

1Mənbələr