AZ

Ermənistan İran ətrafındakı oyunda piyadaya çevrilir - İDDİA

Yaxın Şərqdə mümkün hərbi eskalasiya Ermənistan üçün ciddi risklər yaradır. Bu barədə erməni politoloq Alen Gevondyan xəbərdarlıq edib.

Musavat.com bildirir ki, Gevondyanın fikrincə, İranda baş verəcək böyük hərbi hadisələr qaçılmaz şəkildə Ermənistan üçün təhlükələr yaradacaq.

Politoloqun sözlərinə görə, əgər İranın nüvə obyektlərinə – məsələn, İsfahandakı tədqiqat mərkəzlərinə zərbələr endirilərsə, bunun radioloji nəticələri region üçün ciddi risk yarada bilər. O qeyd edib ki, radioaktiv hissəciklərin külək və ya yağıntı vasitəsilə qonşu bölgələrə yayılması nəzəri cəhətdən mümkündür.

Gevondyan mümkün humanitar böhran ehtimalına da diqqət çəkib. Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, İranla sərhəddə yerləşən Meğri bölgəsinə on minlərlə, hətta yüz minlərlə insan axını yarana bilər.

Erməni ekspert iqtisadi risklərin də az olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistanın xarici ticarətinin böyük hissəsi İran üzərindən həyata keçirilir və yüzlərlə məhsul növü bu marşrutdan asılıdır.

Gevondyan daha geniş siyasi problemə də diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq siyasətdə real subyekt kimi çıxış etməməsi ölkəni daha həssas vəziyyətə salır.

Gevondyan iddia edib ki, Ermənistan bir çox hallarda regionda qəbul edilən qərarların hazırlanmasında iştirak etmir və yalnız sonradan bu qərarlar barədə məlumatlandırılır.

Onun sözlərinə görə, hətta TRIPP layihəsi kimi regional danışıqlar prosesində də Ermənistanın mövqeyi bəzən sonradan nəzərə alınır.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr