AZ

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

Göyçay rayonunda bir çox istiqamət üzrə alternativ xətt, həmçinin rayonun mərkəzini kəndlərlə birləşdirən yeganə yol illərdir bərbad vəziyyətdədir.

Tribuna.az-a bu barədə məlumat verən rayon sakinləri bildirib ki, yolun bərbad vəziyyətdə olması onları illərdir narahat etsə də, bu problem nə Göyçay rayon İcra Hakimiyyətini, nə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini narahat etmir.
Sakinlər bildirib ki, ötən əsrin 80-ci illərində çəkilən ikizolaqlı, uzunluğu 22 kilometr olan Qaraməryəm-Müsüslü avtomobil yolunda nəqliyyat vasitəsini idarə etmək mümkün deyil.
Ətrafında 30 mindən çox əhali yaşayan yolun təmiri, bərpası üçün sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, illərdir heç bir tədbir görülmür:
“Yolda dərin çuxurlar əmələ gəlib. Hərəkət artıq mümkünsüz həddədir. Neçə kənd buradan keçir, mərkəzə gedən əsas yoldur. Bu yolu nə maşınla getmək olur, nə piyada, nə avtobusla. Bu 1-2 ildir belə vəziyyətə düşən yol deyil, 20-30 ildir bu vəziyyətdədir.
İllərdir müraciət eləmədiyimiz yer qalmayıb. Bir dəfə gəlib baxmırlar ki, burada vəziyyət nədir. Bu 30 ildə bu yolu düzəltmək heç bir dövlət qurumunun ağlına gəlmir. Yolun elə hissəsi var ki, ümumiyyətlə getmək mümkün deyil”.
Sakinlər bildirib ki, problemin həlli məqsədilə Göyçay rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciətlər ünvanlayıblar. Ancaq sakinlərin müraciəti hər dəfə cavabsız qalıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) İTV-yə bildirilib ki, qurum yolun mövcud vəziyyətindən xəbərdardır. Yolun yenidən qurulması ilə bağlı layihə hazırlanıb. AAYDA-dan bildirilib ki, hazırda sənədin təsdiqlənməsi və maliyyənin ayrılması gözlənilir. Bu proses yekunlaşan kimi yolun təmirinə başlanılacaq.
Göyçay rayon İcra Hakimiyyəti ilə də əlaqə yatarmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

Seçilən
49
yenilik.az

1Mənbələr