AZ

Azərbaycanda kredit kartlarından istifadə niyə azalır? - Ekspertdən açıqlama

Son dövrlərdə ölkədə kredit kartlarından istifadə səviyyəsində azalma müşahidə olunur. Ekspertlər bunu əsasən bank sektorunda tətbiq edilən yeni tənzimləyici qaydalar və kredit şərtlərinin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Xüsusilə kredit kartı limitlərinə qoyulan məhdudiyyətlər və faiz xərclərinin artması vətəndaşların bundan istifadəsinə təsir göstərib.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Missiya.Az-a açıqlamasında bildirib ki, kredit kartlarından istifadənin azalması əsasən Mərkəzi Bankın 2025-ci ildən tətbiq etdiyi tənzimləyici və məhdudlaşdırıcı tədbirlərlə bağlıdır.

Onun sözlərinə görə, 2025-ci ilə qədər kredit kartlarının limitinin müəyyənləşdirilməsinə dair konkret tələblər mövcud deyildi və banklar bu məsələni əsasən öz daxili yanaşmalarına uyğun tənzimləyirdilər:

"Bu isə həm banklar üçün riskli kreditləşmə ehtimalını artırır, həm də vətəndaşların imkanlarından artıq kredit yükü götürməsinə şərait yaradırdı.

Problemli kreditlərin daha çox istehlak kreditləri seqmentində formalaşması nəzərə alınaraq Mərkəzi Bank kredit kartı limitlərinə dair sərtləşdirici addım atıb. Yeni qaydalara əsasən, kredit kartının limiti vətəndaşın vergilərdən sonra qalan aylıq rəsmi gəlirinin maksimum 5 misli həcmində müəyyənləşdirilə bilər. Məsələn, vətəndaşın xalis aylıq gəliri 1000 manatdırsa, ona maksimum 5000 manat kredit kartı limiti təyin oluna bilər",- deyə o qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, bu addım həm bankların riskli kreditləşmə praktikasını nəzarət altına almağa, həm də vətəndaşların həddindən artıq kreditlə yüklənməsinin qarşısını almağa xidmət edir:

"İstehlak kreditləri üzrə də məhdudiyyətlər mövcuddur və vətəndaşın bu kreditlər üzrə öhdəliyi aylıq gəlirinin 45 faizindən çox ola bilməz. Kredit kartları vətəndaşlar üçün əsasən girov tələb olunmaması və vəsaitə sürətli çıxış imkanı səbəbindən cəlbedici idi. Lakin bu rahatlıq adətən daha yüksək faiz dərəcələri ilə müşayiət olunur. Son illərdə faiz xərclərinin artması da vətəndaşların kredit kartlarına marağının azalmasına təsir göstərən amillərdən biridir",- deyə iqtisadçı əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr