AZ

Ana qətlində “ChatGPT” razılığı…  – Ekspertlərdən ŞOK XƏBƏRDARLIQ

Xaçmaz rayonunda baş verən ağır qətl hadisəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisənin ən diqqət çəkən məqamlarından biri isə təqsirləndirilən şəxsin cinayətdən əvvəl süni intellektlə yazışması barədə iddiaların ortaya çıxmasıdır.

NOCOMMENT.az xəbər verir ki, Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı A.Lətifovun məhkəmə prosesi başa çatıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeniyetmə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Məhkəmədə verilən məlumata görə, yeniyetmə qətlin səbəbi kimi anasının TikTok sosial şəbəkəsində tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları gördükdən sonra o, anasına çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Hadisə zamanı onun atası və qardaşı evdə olmayıb. Yeniyetmə daha sonra qonşuluqda yaşayan qohumlarının evinə gedərək törətdiyi əməli etiraf edib.

İstintaq zamanı gəncin telefonuna baxış keçirilərkən onun süni intellekt sistemi ilə yazışması da aşkar edildiyi bildirilir. İddialara görə, o, həmin yazışmalarda anasını necə öldürə biləcəyi, bu cür cinayətin hüquqi nəticələri və daha az cəza almaq üçün istintaqda necə ifadə verməli olduğu barədə suallar verib. Bu məqam isə süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı ciddi suallar doğurub.

Məsələnin hüquqi tərəfini şərh edən “Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov NOCOMMENT.az-a bildirib ki, bu hadisə süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi məsələsini yenidən gündəmə gətirir.

Onun sözlərinə görə, süni intellekt sistemləri insan davranışına birbaşa nəzarət etməsə də, onların təhlükəli məqsədlərlə istifadə olunması halları hüquqi müstəvidə müzakirə olunmalıdır:

“Belə hallarda əsas məsuliyyət cinayəti törədən şəxsin üzərinə düşür. Çünki hüquq sistemində qərar verən və əməli həyata keçirən insan sayılır. Lakin texnologiyanın inkişafı ilə paralel olaraq süni intellekt platformalarının müəyyən təhlükəsizlik mexanizmləri tətbiq etməsi də vacibdir. Bu mexanizmlər zorakılıq və cinayətlə bağlı sualların qarşısını almağa yönəlməlidir”.

Natiq Ələsgərov qeyd edib ki, dünyada artıq süni intellektin tənzimlənməsi ilə bağlı hüquqi mexanizmlər hazırlanır:

“Bir sıra ölkələrdə süni intellekt sistemlərinin etik və hüquqi standartlara uyğun fəaliyyət göstərməsi üçün xüsusi qanunvericilik təşəbbüsləri hazırlanır. Məqsəd ondan ibarətdir ki, bu texnologiyalar insanlara fayda versin, lakin cinayət və ya təhlükəli fəaliyyət üçün alətə çevrilməsin. Burada əsas məsələ təkcə texnologiya deyil. Yeniyetmələrin psixoloji vəziyyəti, ailə münasibətləri və sosial mühit də belə hadisələrin baş verməsində mühüm rol oynayır. Buna görə də məsələ kompleks şəkildə qiymətləndirilməlidir”.

İT sahəsi üzrə mütəxəssis Cavid Əliyev isə NOCOMMENT.az-a açıqlamasında bildirib ki, süni intellekt sistemləri artıq bir çox platformalarda təhlükəli və qanunsuz fəaliyyətlə bağlı sorğuların qarşısını almaq üçün xüsusi filtr və məhdudiyyətlər tətbiq edir.

Onun sözlərinə görə, müasir süni intellekt modelləri etik prinsiplər əsasında hazırlanır və zorakılıq, cinayət və ya təhlükəli fəaliyyətlə bağlı konkret təlimatların verilməsinə imkan vermir:

“Bu cür sistemlər adətən istifadəçinin verdiyi sualları analiz edir və əgər sual zorakılıq və ya cinayətlə bağlıdırsa, həmin sorğuya cavab verməkdən imtina edir və ya mövzunu təhlükəsizlik və hüquqi nəticələr kontekstində izah edir. Bu, süni intellekt platformalarının təhlükəsizlik siyasətinin əsas hissəsidir”.

Mütəxəssis bildirib ki, buna baxmayaraq, texnologiyanın sürətlə yayılması bəzi riskləri də artırır:

“İnternetdə müxtəlif platformalar və alətlər mövcuddur. Hamısı eyni təhlükəsizlik standartlarına malik olmaya bilər. Buna görə də texnologiya şirkətləri ilə yanaşı, dövlətlər və beynəlxalq təşkilatlar da süni intellektin təhlükəsiz istifadəsi üçün ümumi qaydalar formalaşdırmalıdır. Gələcəkdə süni intellekt sistemlərində təhlükəli sualların daha dəqiq müəyyən edilməsi və belə halların qarşısının alınması üçün əlavə texnoloji mexanizmlər tətbiq oluna bilər. Bu hadisə həm texnologiyanın istifadəsi ilə bağlı məsuliyyət məsələsini, həm də cəmiyyətin yeni rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyini göstərir”.

Tunar

NOCOMMENT.az

Seçilən
98
nocomment.az

1Mənbələr