Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünya bazarlarında Azərbaycan nefti - “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9 % artaraq 103,03 ABŞ dolları olub. Azərbaycan neftinin əvvəlki qiyməti 94,62 ABŞ dolları təşkil edib. Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən dünya neft bazarında “Azeri Light” markalı neftlə yanaşı, “Brent” və WTI markalı neft də bahalaşıb. Hörmüz boğazının faktiki bağlanması fonunda neftin qiyməti 2022-ci ildən bəri ilk dəfə 100 dolları keçib.
London Fond Birjasında Avropanın etalon markalı “Brent” xam neftinin fyuçersləri martın 9-da müvəqqəti olaraq təxminən 26 faiz artıb. 1 barel neftin qiyməti 116,6 dollara çatıb. Nyu-York Ticarət Birjasında isə ABŞ-nin Qərbi Texas (WTI) markalı xam neftinin qiymətləri 26,51 faiz artaraq 115 dollara çatıb.
Neft hansı həddə qədər bahalaşa bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “Cebheinfo.az” -a şərhində qeyd edib ki, neftin qiymətinin daha da bahalaşması normal iqtisadi inkişaf üçün məqbul deyil. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda neftin dünya bazar qiymətləri həftəmizin birinci günü “Brent” markası üzrə 26% bahalaşaraq 119 dollara çatıb:

“Bu, 1988-ci ildən sonra ən sürətli yüksəlişdir. Belə qiymət səviyyəsi heç 2022-ci ildə Rusiya Ukraynaya qarşı əməliyyatlara başlayanda da qeydə alınmamışdı. Ümumiyyətlə, ABŞ ilə İsrailin İrana hücum əməliyyatı başlayan gündən bəri neftin qiyməti 50% artıb.
Bəzi analitiklər qiymətlərin 150-200 ABŞ dollarınadək yüksələcəyini iddia edirlər. Çünki müharibənin nə vaxt bitəcəyi bəlli deyil. Hər keçən gün ərzində regionda neft hasilatı infrastrukturu ilə xammalın mənzil başına çatdırılması prosesi daha böyük zərbəyə məruz qalır və dalana dirənir”.
P.Heydərov vurğulayıb ki, dünya bazarında neftin qiymətinin həddindən artıq bahalaşması ölkəmiz üçün o qədər də xeyrli deyil:
“Ona görə ki, idxal genişlənir və ölkədə qiymətlərdə bahalaşma baş verir, o cümlədən iqtisadiyyatın bir sıra sektorlarına ciddi ziyan vurur. Neftin qiymətinin daha da bahalaşması normal iqtisadi inkişaf üçün məqbul deyil.
Bunu əsaslandırmaq üçün bir misal çəkim. 2015-ci ildə neftin qiyməti kəskin aşağı düşmüşdü. Bu, ölkədə bank sektoruna çox ciddi zərbə vurdu. 2015-ci ildən əvvəlki dövrlərdə neftin qiymətinin yüksək olması ölkədə bank sektorunun qeyri-normal inkişafına gətirib çıxarmışdı. Ona görə də dünya neft bazarında qiymətlərin artmasına sevinməyə dəyməz”.
Ekspert, həmçinin bildirib ki, hər bir sahədə ortaq nöqtənin, balansın və yaxud da tarazlığın olması, qorunub saxlanması normal inkişaf üçün mühüm şərtdir:
“Qlobal neft qiymətləri 50% deyil, lap 100% də bahalaşsa da bundan Azərbaycanın dövlət büdcəsinə gündəlik milyonlarla dollar əlavə gəlir gəlsə də, xeyirdən çox zərərini görəcəyik.
Neftin qiymətlərinin yüksək olması dünyada enerji daşıyıcılarının bahalaşmasıdır. Bu isə bir sıra istehlak və xüsusən ərzağın, yeyinti məhsullarının dəyərinin artacağı deməkdir”.
Yunis Abdulayev
“Cebheinfo.az”
Açar sözlər:
Azərbaycan nefti Pərviz Heydərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.