AZ

MEDİA-dan Avropa Şurasının hesabatına cavab - Birtərəfli, qərəzli mülahizələrə yer verilmişdir

MEDİA-dan Avropa Şurasının hesabatına cavab - Birtərəfli, qərəzli mülahizələrə yer verilmişdir

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilmişdir.

Xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır. Qanuna edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsidir.

Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır. Bu da media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilmişdir. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqə yoxdur.

Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb bütün subyektlərə münasibətdə tətbiq edilir və bu yanaşmalar yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır. İnformasiya agentliklərinin fəaliyyəti formalaşdırılarkən onların həm istehlakçıları, həm də digər peşəkar media subyektlərini məzmunla təmin etmək sahəsindəki müstəsna rolu diqqətə alınmışdır.

Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların və subyektiv rəylərin əsas götürülməsi təəssüf doğurur.

Seçilən
53
43
afn.az

10Mənbələr