Qlobal neft bazarlarında baş verən hadisələrin Azərbaycana iqtisadi təsirləri necə ola bilər? - Deputatdan ŞƏRH
İranda və regionda davam edən müharibə diqqəti onun iqtisadi təsirlərinə, xüsusilə də neft və qaz qiymətlərinə yönəldir. Müharibənin uzanması enerji daşıyıcılarının qiymətində davamlı artıma səbəb olur. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili paylaşımında bildirib. Deputatın sözlərinə görə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranan təhlükə qlobal neft bazarına ciddi təsir göstərir: “Hörmüz boğazı dünya enerji sisteminin ən strateji nöqtələrindən biridir. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi – yəni 20–21 milyon barrel – məhz bu boğazdan keçir. Bu səbəbdən regionda baş verən geosiyasi-hərbi gərginlik və ya bu marşrutun bağlanması qlobal enerji bazarında dərhal ciddi qiymət artımı ilə nəticələnir. Artıq neftin bir barelinin bazar qiyməti 89 dolları keçib, may ayı üçün fyuçers qiymətləri isə 116 dollardan yuxarıdır. Eyni zamanda, təbii qaz qiymətlərində də artım müşahidə olunur”. T.Mirkişili qeyd edib ki, dünya bazarına neft ixrac edən ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur: “Azərbaycan öz neftini Bakı–Tbilisi–Ceyhan və digər marşrutlarla dünya bazarına çıxarır və ixracımız Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymət artımı baş verəndə Azərbaycan fiziki ixrac marşrutlarında problem yaşamadan daha yüksək qiymətlə satış imkanı əldə edə bilir”. Tahir Mirkişili Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton (təxminən 169 milyon barel) neft və kondensat ixrac edib. Dövlət büdcəsində isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. “Qlobal bazarda qiymətin bu səviyyədən orta və uzun müddətdə əhəmiyyətli dərəcədə yüksək olması ölkəmizin ixrac gəlirlərini və büdcə imkanlarını artıracaq. Sadə hesablamaya görə, neftin orta qiyməti 100 dollar olarsa, ixrac gəlirləri təxminən 5–6 milyard dollar, 120 dollar olarsa 8–9 milyard dollar, 150 dollara çatarsa isə 12–14 milyard dollar arta bilər”, – deyə o əlavə edib. T.Mirkişili bildirib ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin bir barelinin qiymətinin 10 dollar artması dövlət büdcəsinin gəlirlərini təxminən 400 milyon manat artırır: “Hazırda büdcə hesablamalarında neftin qiyməti 65 dollar götürülüb. Bu isə o deməkdir ki, qiymətin 100 və 120 dollar səviyyəsində olması büdcə gəlirlərini müvafiq olaraq təxminən 1,4 milyard və 2,2 milyard manat artırmaq potensialına malikdir”. Bununla belə, deputat vurğulayıb ki, belə qiymət artımları adətən regional və ya qlobal gərginlik fonunda baş verir və bu da müəyyən iqtisadi risklər yaradır: “Bu cür proseslər dünya iqtisadiyyatında inflyasiya risklərini artırır, tələbin azalmasına və iqtisadi qeyri-müəyyənliyə səbəb ola bilər. Azərbaycanın idxalının təxminən 50 faizi regional müharibənin əhatə etdiyi ölkələrdən gəlir. Buna görə də baş verən hadisələrin inflyasiyanı gücləndirməsi və idxal qiymətlərini artırması mümkündür”. Deputatın fikrincə, belə şəraitdə ən rasional yanaşma əlavə gəlirlərin düzgün istiqamətləndirilməsidir:
“İran ətrafında baş verən müharibə qısa və orta müddətdə Azərbaycan üçün neft gəlirləri baxımından imkan yarada bilər. Lakin bu, təbii iqtisadi üstünlük deyil, daha çox regional risklərdən doğan gəlirdir. Ona görə də əlavə gəlirlərin strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi daha doğru yanaşma olar. Bu, neft qiymətlərinin dəyişkənliyindən asılılığı azaltmaq baxımından uzunmüddətli sabitlik yaradır”.