Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev orta məktəblərdə Çin dilinin tədrisi ilə bağlı təklif səsləndirib. Deputat hesab edir ki, qlobal iqtisadi və siyasi proseslər fonunda bu addım gələcək üçün strateji əhəmiyyət daşıya bilər. Son illər Çin ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi də mövzunu aktuallaşdırır. Bu təklif cəmiyyətdə fərqli reaksiyalar doğurub və müzakirələrə səbəb olub. Bəziləri Çin dilinin perspektivli seçim olduğunu deyir, digərləri isə bunun real olub-olmadığını sual altına alır.Görəsən, Azərbaycan məktəblərində Çin dilinin tədrisi nə dərəcə mümkündür və gələcəkdə bu dil ingilis dilinə alternativ ola bilərmi?Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, müasir dünyada təhsil sadəcə bilik ötürücüsü deyil, zamanın nəbzinə görə formalaşan, dinamik və yeniliklərə açıq bir platformadır:“Bu gün təhsil sisteminin tələb-təklif prinsipləri üzərində qurulması bir zərurətə çevrilib. Məhz bu səbəbdən, qlobal ehtiyacları qarşılamaq üçün tədris proqramlarında köklü dəyişikliklər müşahidə olunur. Niyə məhz Çin dili? Çin dilinin həm orta, həm də ali məktəblərdə tədrisinin genişlənməsi təsadüfi deyil. Bu meyl bir neçə mühüm amillə əsaslandırılır. Çin hazırda dünyanın nəhəng iqtisadi mərkəzlərindən biridir və gələcəyin sənaye-iqtisadiyyatında dominant rol oynayacağı şəksizdir. Dünyada ən çox danışılan 5 dildən biri olması onu beynəlxalq ünsiyyətdə əvəzedilməz edir. Bu dili bilmək gələcəyin mütəxəssisləri üçün əmək bazarında yüksək gəlir və geniş imkanlar vəd edir. Təhsil sistemi inkişaf mexanizmi kimi dövrün çağırışlarına biganə qala bilməz. Necə ki, bu gün süni intellektin tədrisi qaçılmazdırsa, "yaşıl enerji" strategiyaları və ekoloji prinsiplər də təhsilin ayrılmaz hissəsinə çevrilir. Çin dili amili də eynilə süni intellekt və yaşıl enerji kimi müasir təhsilin qəbul etməyə məcbur olduğu fundamental yeniliklərdən biridir. Bu dili öyrənmək gələcəyin iqtisadi və sosial mənzərəsində yer almaq deməkdir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.