AZ

Azərbaycan etibarlı tərəfdaşdır ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji siyasətindəki strateji mövqeyini bir daha nümayiş etdirdi. Tədbirdə nazirlər, beynəlxalq ekspertlər və tərəfdaş ölkələrin nümayəndələri iştirak etdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı, həmçinin ölkəmizin regional enerji təhlükəsizliyinə verdiyi töhfələri vurğuladı.

Prezident İlham Əliyev çıxışında qaz təchizatının şaxələndirilməsinin Azərbaycanın enerji siyasətində prioritet olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycanın qazı artıq Avropanın hüdudlarından kənara çatdırılır və Suriyaya da tədarük edilir ki, bu da ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. 2025-ci ildən başlayan Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükü region ölkələrinə və sakinlərin elektrik enerjisinə çıxışına mühüm dəstək göstərir. Hazırda Azərbaycan qazını 16 ölkə istifadə edir və Avropa İttifaqının 10 üzv dövləti ölkəmizin qazından faydalanır.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatları isə 3 trilyon kubmetr civarındadır. Bu, qarşıdakı 100 il ərzində ölkəmizin karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilmiş, 1996-cı ildə isə beynəlxalq konsorsium tərəfindən işlənilməyə başlanmışdır. Yataqda təxminən 1 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiqləyib.

Azərbaycanın enerji ixracı tarixi layihələrlə möhkəmlənib. 2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana çatdırıldı. 2012-ci ildə TANAP (Trans-Anadolu Qaz Kəməri) layihəsi, 2013-cü ildə isə TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi imzalanaraq Avropa bazarına ixracın genişlənməsi təmin edildi. 2020-ci ilin sonundan TAP kəməri ilə Azərbaycan qazı Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. “Həmrəylik həlqəsi” təşəbbüsü ilə 2023-cü ildə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz şəbəkələri vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq genişləndirildi.

Gələcəkdə qaz hasilatının artırılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, növbəti 2-3 ildə “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilat ölkəmizin ixrac potensialını artıracaq. Əsas təbii qaz mənbəyimiz olan “Şahdəniz” yatağının 2028-ci ildə yeni mərhələsi üzrə hasilatın başlanması planlaşdırılır. Bu layihələr maksimum istehsal səviyyəsində əlavə 10-15 milyard kubmetr qazın təmin olunmasına imkan yaradacaq və mövcud boru kəməri sisteminin genişləndirilməsi ilə yeni bazarlara çıxış təmin olunacaq.

Azərbaycan yalnız qaz hasilatı ilə deyil, həm də yaşıl enerji layihələri ilə regionda lider mövqeyini möhkəmləndirir. 2023-cü ilin yanvarında 240 meqavatlıq külək elektrik stansiyası, 230 meqavatlıq Günəş stansiyası istifadəyə verilib. Ümumilikdə 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etmək planlaşdırılır. Bu layihələr həm daxili tələbatı qarşılamağa, həm də ixraca yönəldilmiş enerji potensialını artırmağa imkan verir.

Bütün bu tədbirlər, layihələr və perspektivlər Azərbaycanı regional enerji mərkəzi və qlobal etibarlı tərəfdaş kimi mövqeləndirir. Tarixi qaz yataqlarının işlənilməsi, Cənub Qaz Dəhlizi və TANAP-TAP infrastrukturunun qurulması, yeni yataqların istifadəyə verilməsi və yaşıl enerji sahəsindəki investisiyalar ölkəmizi enerji təhlükəsizliyi sahəsində etibarlı oyunçuya çevirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın qaz təchizatı və ixracı həm region, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu artırır, beynəlxalq əməkdaşlıqda strateji mövqeyini gücləndirir.

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
sesqazeti.az

1Mənbələr