AZ

Professor: Müharibə davam etsə, İran çökəcək

ain.az bildirir, Reyting.az portalına istinadən.

“İranda böyük faciə baş verir. Bundan çıxış yolu tapılmalı və bölgə sülh istiqamətində hərəkət etməlidir. Təəssüflər olsun ki, bu, indi real görünmür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev bildirib ki, İranda öldürülən ali dini lider Seyid Əli Xamnəinin yerinə onun oğlu Müctəba Xaməni gətirilsə də, İsrail onu da aradan götürməyə çalışacaq. “ABŞ tərəfindən onun ali lider olmasına verilən reaksiya da göstərir ki, yeni lideri də atası kimi zərərsizləşdirmək istəyirlər”, - deyə professor əlavə edib.

C. Nuriyev ehtimal edir ki, SEPAH Ramazandan sonra ABŞ və İsrail bazalarına daha intensiv zərbələr endirməyə çalışacaq.

Onun sözlərinə görə, son yeddi-səkkiz ayda Çin və Rusiyanın dəstəyi ilə İranın raket sistemi həm yeraltına köçürülüb, həm də ehtiyatı artırılıb: “Çox güman ki, İran raket ehtiyatı baxımından hələ 4-5 ay müharibəni davam etdirə biləcək”.

C. Nuriyev həmçinin Ermənistan üzərindən İrana silah ötürülməsi ehtimalını da istisna etmir və bildirir ki, belə şübhələr mövcuddur. Onun fikrincə, Rusiya bunu Ermənistan vasitəsilə, xüsusilə gecə saatlarında həyata keçirə bilər. Çünki hazırda Ermənistan-İran sərhədi diqqət mərkəzində deyil.

Müsahibimizin iddiasına görə, İsraildə məhkəmə prosesi ilə üzləşən baş nazir Netanyahu bu təhlükəni aradan qaldırmaq, ABŞ prezidenti Tramp isə Epşteyn sənədlərini arxa planda saxlamaq üçün müharibənin davam etməsində maraqlı ola bilərlər: “Odur ki, müharibə davam edəcək. Qənaətimcə, bu gedişlə İran 6-7 ay sonra çökə bilər. Hazırda onun müəyyən resursları var.

Son günlər ABŞ kürd silahlıları vasitəsilə İran daxilində müəyyən addımlar atmağa çalışır. Lakin bu, çətin məsələdir. Əvvəla, İranda 2-3 milyon kürd yaşayır. Ən yaxşı halda onların 200 min nəfərlik silahlı dəstələri ola və ya formalaşa bilər. İranın isə ehtiyatlarla birlikdə 5-6 milyon nəfərlik silahlı resursu var. Bu baxımdan kürd silahlıları vasitəsilə ciddi nəticə əldə etmək real görünmür. İrana quru qoşunları daxil olmasa, rejimi dəyişdirmək mümkün olmayacaq. ABŞ isə buna getməyəcək. Bu formada davam edərsə, İran özü çökə bilər. Burada əsas məsələ müharibənin nə qədər davam etməsidir”.

Nemət ORUCOV

Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
reyting.az

1Mənbələr