AZ

"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI

Dünyanın ilk qeydiyyatdan keçmiş Covid-19 peyvəndini inkişaf etdirən Almaniyanın biotexnologiya şirkəti "BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci hazırkı rəhbərlik vəzifələrindən ayrılaraq yeni bir texnologiya şirkəti quracaqlar.

Marja.az xəbər verir ki, onlar Covid-19 peyvəndinin arxasındakı texnologiya olan mRNA-ya fokuslanacaq yeni biotexnologiya şirkətini yaradacaqlar.

Bu xəbərdən sonra "BioNTech"in Frankfurt birjasındakı səhmləri təxminən 22% dəyər itirib.

"BioNTech"dən verilən açıqlamada bildirilir ki, Covid-19 peyvəndi ilə qlobal uğur qazanmış qurucular, "BioNTech"in Baş Direktoru (CEO) Prof. Dr. Uğur Şahin və Baş Tibb Rəhbəri Dr. Özlem Türeci vəzifələrini təhvil vermək qərarı qəbul ediblər.

Dəyişikliklərin 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilir və ikili yeni şirkətdə “yeni nəsil mRNA innovasiyalarının” tədqiqat və inkişafına fokuslanacaqlar.

"BioNTech"in Nəzarət Şurası Şahin və Türecinin vəzifələrini təhvil alacaq namizədləri müəyyən etmək üçün axtarış prosesinə başlayıb.

Şahin bildirib ki, bu keçid "BioNTech" rəhbərliyi üçün növbəti addımlar və fərqli modellər barədə 18 aydan çox davam edən müzakirələrin nəticəsidir.

"Union Investment"də portfel meneceri və "BioNTech"in investoru olan Markus Manns isə deyib:

“Şirkətin qurucularının ayrılması kritik bir dövrdə şirkət və səhmdarları üçün dağıdıcı xəbərdir. Hər ikisi biznesin ürəyi və beyniydi.”

"BioNTech" çərşənbə axşamı günü 2025-ci il üçün gözləniləndən böyük zərər açıqlayıb. 2024-cü ildə 665,3 milyon avro olan xalis zərər, keçən il 1,12 milyard avroya çatıb. Şirkət bu il həm Avropada, həm də ABŞ-da Covid-19 peyvəndlərindən əldə edilən gəlirlərin azalması səbəbindən satışların düşməsini gözləyir.

Seçilən
27
1
marja.az

2Mənbələr