Son bir həftə ərzində Livanda təxminən 700 min insan didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Livandakı nümayəndəsi Karolina Lindholm Billinq bildirib ki, İsrailin hücumları nəticəsində son bir həftə ərzində Livanda təxminən 700 min insan didərgin düşüb.Billinq BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrailin hücumuna məruz qalan Livandakı vəziyyəti qiymətləndirib.
"Livanda böhran dərinləşdikcə, son bir həftə ərzində təxminən 700.000 insan didərgin düşüb", - deyə Billinq bildirib və münaqişənin yeni eskalasiyasından bir həftədən çox vaxt keçdiyini qeyd edib. Bu eskalasiya İsrailin Livanda 53-dən çox kəndin və sıx məskunlaşmış ərazilərin sakinlərinə təxliyə xəbərdarlıqları verməsi və hava hücumlarını gücləndirməsi ilə başlayıb.
Billinq bildirib ki, hücumlar səbəbindən Livandakı ailələr bir neçə dəqiqə ərzində qaçmağa məcbur olur və həyatları alt-üst olub.
Livanda 667.000-dən çox insan hökumətin onlayn didərginlik platformasında qeydiyyatdan keçib və bu rəqəm artacaq.
Billinq qeyd edib ki, təxminən 120.000 didərgin hökumət tərəfindən təyin olunmuş kollektiv sığınacaqlarda qalır və əlavə edib: "Biz həmçinin Suriyaya təcili köçlərin şahidi oluruq. Suriya hakimiyyətinin məlumatına görə, münaqişənin başlanğıcından bəri Livandan Suriyaya 78.000-dən çox suriyalı və 7.700-dən çox livanlı daxil olub".
Billinq mülki şəxslərin həmişə qorunmalı olduğunu vurğuladı və yardımın ən çox ehtiyacı olanlara çatması üçün təhlükəsiz və maneəsiz humanitar yardıma çıxışın təmin edilməsinə çağırdı.
aia.az
Tərcümə şöbəsi