AZ

Finlandiya nüvə silahları üçün qapını açır?

Finlandiya hökuməti 1980-ci illərdən bəri qüvvədə olan nüvə silahı qadağasını aradan qaldırmağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, müxalifət partiyasının üzvü Armando Memanın fikrincə, bu qərar NATO-nun Rusiyaya qarşı "mütləq üstünlük" qurma strategiyasının bir hissəsidir. Finlandiyanın Müdafiə naziri Antti Hakkanen isə dəyişikliyin "ölkəni müdafiəsiz qoyan köhnə qanunun yenilənməsi" olduğunu bildirib, lakin prosesin parlamentdən gizli aparılması narazılıq doğurub.

Finlandiyadakı milli-mühafizəkar "Azadlıq İttifaqı" partiyasının üzvü Armando Mema "RIA Novosti"yə verdiyi açıqlamada hökumətin nüvə silahı qadağasını ləğv etmək planlarının NATO-nun Rusiyaya qarşı hazırlığının bir tərkib hissəsi olduğunu söyləyib:

"Nüvə silahlarının və uzaqmənzilli raketlərin Finlandiyaya daşınması, mümkün nüvə müharibəsində Rusiyaya qarşı əzici üstünlük əldə etmək üçün verilmiş strateji qərardır".

Mema Finlandiyanın 2023-cü ildə NATO-ya üzv olmasından sonra Moskva ilə münasibətlərin "tarixin ən aşağı səviyyəsinə" düşdüyünü qeyd edərək, iqtidarın Rusiya əleyhinə ritorika ilə ölkəni "varlıq təhdidi" halına gətirdiyini müdafiə edib. Siyasətçi Rusiyanın nə üzvlükdən əvvəl, nə də sonra Finlandiya üçün təhlükə yaratdığını vurğulayıb.

"Sol İttifaq" Partiyasının sədri Minya Koskela nüvə silahının tranzit qadağasının ləğvinə yönəlmiş qanun layihəsinin millət vəkillərindən gizli hazırlandığını açıqlayıb. Müxalifət partiyaları məsələnin bütün partiyaların iştirakı ilə parlament səviyyəsində müzakirə olunmalı olduğunu bildirsələr də, hökumət prosesi sürətləndirib.

Finlandiyanın Müdafiə naziri Antti Hakkanen hökumətin təklifinin Finlandiyaya nüvə silahı yerləşdirmək deyil, NATO üzvlüyündən irəli gələn zərurətlərə görə qanunvericiliyi yeniləmək olduğunu bildirib.

Hakkanen dəyişikliyin Finlandiyanın Rusiyanın hərbi hədəfinə çevrilmə riskini azaltdığını müdafiə edib. O, həmçinin Finlandiyanın nüvə silahı yerləşdirmək niyyətində olmadığını və NATO-nun nüvə təlimləri çərçivəsində belə Finlandiyaya nüvə silahı gətirilməsinin nəzərdə tutulmadığını vurğulayıb.

Seçilən
77
cebheinfo.az

1Mənbələr