ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bildiyimiz kimi, hazırda ABŞ-İsrail və İran arasında müharibə əsasən hava qüvvələri vasitəsilə aparılır. Ancaq Qərb mətbuatı ABŞ-nin İrana qarşı əməliyyatlarda quru qoşunlarından da istifadə edəcəyi ehtimalından yazır. Bəs bu mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirdi ki, hazırda faktiki olaraq Amerika və İsrailin İrana qarşı apardığı əməliyyat kontaktsız müharibədir:
"Yəni bu müharibədə onlar aviasiya vasitələrindən, dronlardan, raketlərdən və bombalardan istifadə edirlər. İran tərəfi də eyni qaydada cavab verir. İran həm raketlər, həm də dronlar vasitəsilə Amerika və İsrailə zərbələr endirir, Amerikanın Yaxın Şərqdəki bazalarına hücumlar həyata keçirir, məhdud çərçivədə isə döyüş təyyarələrindən istifadə edir. Reallıq ondan ibarətdir ki, Amerika hələ ki, istədiyinə çata bilmir. Çünki onların qarşılarına qoyduğu birinci məqsəd rejimi dəyişmək, yəni oradakı hakimiyyəti dəyişmək idi. Lakin görünən odur ki, bu hakimiyyət dəyişmir. Artıq amerikalılar, amerikalı mütəxəssislər, israillilər və Qərb mütəxəssisləri də, eləcə də biz əvvəldən qeyd edirdik ki, bir ölkədə rejimi dəyişmək, hakimiyyəti dəyişmək üçün, əgər bunu hərbi yolla edirsənsə, mütləq şəkildə quru əməliyyatları həyata keçirmək lazımdır. Görünən odur ki, Trampın quru əməliyyatları həyata keçirmək kimi bir niyyəti yoxdur. Tramp daha çox əvvəl kürdlərlə oynadı, kürdləri bu prosesə cəlb etmək istədi. Lakin kürdlər bu prosesdən kənar durdular, hətta İrandakı kürdlər dövlətə, İrana dəstək verdiklərini bəyan etdilər. Bundan əlavə, müəyyən mənada digər ərəb ölkələrinin də bu prosesə qoşulmasına çalışdılar. Ərəb ölkələri də bu prosesə qoşulmadı, çünki onların prosesə qoşulması həqiqətən də çox ağır və ciddi nəticələr verə bilərdi. Husilər faktoru, Sudan faktoru və Hizbullah faktoru isə bu məsələləri müəyyən qədər arxa plana atdı".

Müsahibimiz TABŞ Prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana səslənişindən də bəhs etdi.
"Hətta Tramp dünən, ya da səhv etmirəmsə bu gün Türkiyə ilə bağlı Ərdoğana sosial şəbəkə üzərindən müraciət etdi: “Sən çox yaxşı oğlansan, sən çox yaxşı danışırsan, amma danışmaq lazım deyil. İrana qarşı gəl birgə əməliyyatlar keçirək və qalib olaq”. Görünən odur ki, Tramp bilir ki, əgər orada quru əməliyyatları keçirsə və çoxlu sayda itki versələr, bunun cavabı Amerika cəmiyyəti tərəfindən çox ağır olacaq. Çünki yaxın vaxtlarda ABŞ-də seçkilər keçiriləcək və bu seçkilərdə respublikaçıların uduzma ehtimalı yarana bilər. Faktiki olaraq Amerika tərəfi çox çalışır ki, bu prosesə hansısa bir ölkəni qoşsun. Lakin özü quru əməliyyatlarına qoşulmaq niyyətində deyil. Əgər quru əməliyyatları baş verməzsə, bu müharibə uzun müddət davam edə bilməz. Bu müharibə qarşı tərəfi tükəndirməyi hədəfləyir, İran tərəfi qarşı tərəfi tükəndirməyə çalışır, qarşı tərəf də İranı tükəndirməyə çalışır. Görünən odur ki, İran tərəfi rəsmi olaraq bildirir: onlar heç bir halda təslim olmayacaqlar, müharibəyə uzun müddət hazırlaşıblar və bu müharibəni davam etdirəcəklər.
Ona görə də indiki mərhələdə Amerikanın birbaşa qoşun göndərməsi, Amerikanın orada quru əməliyyatları keçirməsi mümkün variant sayılmır. Çünki bu başlasa, İraqda İrana yaxın qüvvələr də artıq fəaliyyətdədir. Onlar da quru əməliyyatları keçirmir, lakin əllərində olan vasitələrlə Amerikanın bazalarına zərbələr endirirlər. Bu isə o deməkdir ki, müharibə təkcə İran ərazisində davam etməyəcək. Müharibə həm İraq ərazisində davam edə bilər, həm Hizbullah-Suriya sərhədində genişlənə bilər, həm də husilər-Səudiyyə istiqamətinə keçə bilər. Bu vəziyyət faktiki olaraq Yaxın Şərqdə elə bir müharibəyə gətirib çıxara bilər ki, onun qarşısını uzun illər almaq mümkün olmaz. Ona görə də indiki mərhələdə düşünürəm ki, bu müharibə hazırkı hədlərdə və bu formada davam edəcək. Əgər belə davam edərsə, bir gün Tramp çıxıb bəyan edəcək və özünü qalib elan edəcək. Lakin burada həqiqi qalibin kim olacağını zaman göstərəcək", - deyə S.Məmməd yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.