Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.
NOCOMMENT.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi təqvimə əsasən, üçüncü gecə 12 mart, sonuncu Əhya gecəsi isə 16 mart tarixinə düşür.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla, 20 marta təsadüf edəcək.
Qədr gecəsi İslam inancına görə, Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecədir. Bu gecə Qurani-Kərimdə də xüsusi qeyd olunur və min aydan daha xeyirli olduğu bildirilir.
Müsəlmanlar inanırlar ki, Qədr gecəsində edilən dua və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, günahların bağışlanması üçün xüsusi mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən birinə təsadüf edir və dəqiq günü gizli saxlanıldığı üçün möminlər həmin günlərdə daha çox ibadət etməyə çalışırlar.