Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə ediblər.
Azreform.info xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında bildirib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran ətrafındakı vəziyyəti müzakirə etdik. Biz müharibənin genişlənməsinə yol verməmək və həyatları qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin eyni zamanda Ukraynanın öz HHM sistemini gücləndirməyə ehtiyacı var və biz tərəfdaşlarımızdan müvafiq dəstək gözləyirik", - o yazıb.
R.T.Ərdoğan bildirib ki, Türkiyə üçtərəfli formatda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyə hazırdır. "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, Türkiyənin İstəklilər Koalisiyası çərçivəsində dəniz təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazır olduğuna və Ukrayna energetikasına dəstək üzrə gələcək qərarlara görə Prezident Ərdoğana təşəkkür edirəm", - Zelenski əlavə edib.