AZ

Alimlər tufan zamanı ağac yarpaqlarında yaranan sirli ultrabənövşəyi işıq parıltılarını ilk dəfə müşahidə etdilər » AzadMedia.az


Meteoro­loqlar tufan zamanı ağac yarpaqlarında yaranan qısa ultrabənövşəyi işıq parıltılarını ilk dəfə birbaşa müşahidə ediblər. Bu hadisənin mövcudluğu əvvəllər yalnız dolayı məlumatlara və laboratoriya təcrübələrinə əsasən ehtimal edilirdi. Tədqiqatın nəticələri Geophysical Research Letters (GRL) jurnalında dərc olunub.
Söhbət korona boşalması adlanan hadisədən gedir — bu, yarpaqların uclarında elektrik yükünün toplanması nəticəsində yaranan zəif işıq saçmasıdır. Tufan zamanı buludlarla yer arasındakı elektrik sahəsi güclənir və elektrik yükü ağacların rütubətli gövdələri və budaqları boyunca yayıla bilir. Yük yarpaqlara çatdıqda onun hərəkəti hava təbəqəsi tərəfindən məhdudlaşdırılır, çünki hava izolyator rolunu oynayır. Nəticədə elektrik yükü yarpaqların ucunda toplanır və ultrabənövşəyi işıq yaymağa başlayır.
Əvvəlcə alimlər bu effekti laboratoriyada təkrar yaradıblar. Bunun üçün kiçik şam və ağcaqayın ağacları dibçəklərdə metal lövhələrin altına yerləşdirilib. Bu lövhələr elektrik yüklü tufan buludlarını imitasiya edirdi. İşıq söndürüldükdə yarpaqların uclarında zəif, mavi rəngə çalan işıq parıltısı müşahidə olunub.
Daha sonra tədqiqatçılar hadisəni təbii şəraitdə izləmək üçün sahəyə çıxıblar. Bunun üçün onlar avtomobili xüsusi avadanlıqlarla — meteostansiya, elektrik sahəsi detektoru, lazer məsafəölçəni və ultrabənövşəyi kamera ilə təchiz ediblər.
Şimali Karolinada baş verən tufan zamanı cihazlar ağac yarpaqlarında 41 ultrabənövşəyi işıq parıltısı qeydə alıb. Hər bir parıltı 0,1–3 saniyə davam edib. Parıltılar xaotik şəkildə yaranırdı — bir yarpaqdan digərinə “tullanır” və bəzən eyni nöqtədə təkrar meydana çıxırdı.
Oxşar siqnallar ABŞ-ın şərq sahillərində müxtəlif ağac növlərində, o cümlədən şirin ambra (Liquidambar styraciflua) və loblolli şamı (Pinus taeda) üzərində də qeydə alınıb.
Alimlərin hesablamalarına görə, belə bir parıltı təxminən 260 nanometr dalğa uzunluğunda olan 100 milyard foton yayır. Əgər insan gözü ultrabənövşəyi diapazonu görə bilsəydi, tufan zamanı meşənin üst hissəsi nəhəng bir işıq şousu kimi görünərdi.
Tədqiqatçılar hesab edirlər ki, korona boşalmaları atmosfer kimyasına və meşə ekosistemlərinə təsir göstərə bilər. Məsələn, onlar ağacların buraxdığı karbohidrogenlərin parçalanmasında iştirak edə və potensial olaraq yarpaqlara zərər verə bilər.
Bundan əlavə, təkrarlanan elektrik impulsları nəzəri olaraq ağacların yuxarı budaqlarının qurumasına səbəb ola bilər. Bu proses müəyyən mənada ildırımın yuxarıya doğru inkişaf edən boşalmalarının yaranmasına bənzəyir.
Alimlərin fikrincə, bu hadisənin meşə ekosistemlərinə və atmosfer proseslərinə təsiri hələ kifayət qədər öyrənilməyib və əlavə tədqiqatlara ehtiyac var. Bu mövzu xüsusilə iqlim dəyişiklikləri fonunda актуaldır: qlobal temperatur artdıqca tufanların tezliyi də arta bilər və nəticədə belə elektrik hadisələri daha tez-tez baş verə bilər.
Seçilən
54
1
azadmedia.az

2Mənbələr