AZ

BMT-də Bakı Təhlükəsizlik Forumu yüksək qiymətləndirilib



Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında terrorizm və insan hüquqları mövzusunda çıxış edib.

Newscenter.az-ın məlumatına görə, "Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycan nümayəndəsi vurğulayıb ki, terrorizm beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.

Onun sözlərinə görə, bütün antiterror tədbirləri beynəlxalq hüquq, o cümlədən insan hüquqları və humanitar hüquq normalarına uyğun həyata keçirilməlidir.

Nümayəndə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bacarıqların inkişafının vacibliyini qeyd edib, həmçinin terrorla mübarizə strategiyalarının effektiv və beynəlxalq humanitar hüquqa uyğun olmasının əhəmiyyətini vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən üçüncü Bakı Təhlükəsizlik Forumunda 80-dən çox ölkənin, o cümlədən Ermənistanın kəşfiyyat və təhlükəsizlik qurumları iştirak edib. Forumda terrorizm, kibertəhlükələr və humanitar böhranların qarşısının alınması kimi qlobal çağırışlar müzakirə olunub. Forum regional əməkdaşlıq və təhlükəsizlik dialoqunun gücləndirilməsində önəmli platforma kimi dəyərləndirilib.

Çıxışçı qeyd edib ki, davamlı dialoq, şəffaflıq və dövlətlərarası əməkdaşlıq qlobal çağırışların effektiv həllində əsasdır. Bakı Təhlükəsizlik Forumu kimi təşəbbüslər vasitəsilə Azərbaycan beynəlxalq əməkdaşlığı gücləndirməyə və təhlükəsiz dünya üçün ortaq məqsədlərə xidmətə davam edəcək.
Seçilən
8
2
newscenter.az

3Mənbələr