AZ

Məhkəmə Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşına bəraət verdi

Abşeron Rayon Məhkəməsində özbaşınalıqda təqsirləndirilən Alim Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

 

İttihama görə, Alim Babayev 2022-ci ilin yay aylarında Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən Quşçuluq yaşayış massivində yerləşən yaşadığı fərdi yaşayış evinin arxa hissəsində tikinti işləri aparıb. O, tikinti zamanı qüvvədə olan qanunvericiliyin tələblərini pozaraq qanunsuz şəkildə tikinti işləri həyata keçirib.

 

İstintaq materiallarına əsasən, Alim Babayev tikinti apararkən Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməyib. Belə ki, o, tikinti zamanı qonşu torpaq sahələri və tikililər arasında müəyyən edilmiş ara məsafəsini gözləmədən özbaşına tikinti işləri aparıb. Nəticədə həyata keçirilən qanunsuz tikinti işləri qonşuluqda yerləşən fərdi yaşayış evinə mənfi təsir göstərib. Belə ki, zərərçəkmiş Nəzifə Səfərovaya (soyadı şərtidir) məxsus fərdi yaşayış evinin divarlarında çatlar əmələ gəlib və tikiliyə 5382 manatlıq maddi ziyan dəyib.

 

Məhkəmədə Alim Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

Qeyd: Alim Babayev Xəzər Dəniz Gəmiçiliyi QSC-də mexaniki təmir bölməsinin gəmi boru çəkəni işləyir.

 

Kamal Məmmədov

Tarix: 11 Mart 2026, 10:03   
Seçilən
86
pravda.az

1Mənbələr