AZ

Milli kadr siyasəti yeni mərhələdə

Sürətlə dəyişən dünyada yaşayırıq. İnnovasiyalarla, informasiya-kommunikasiya texnologiyalarının üstün inkişafı ilə səciyyələnən 4-cü sənaye inqilabı davamlı olaraq ölkələri, insanları yeni transformasiyalarla üz-üzə qoyur. Belə bir şəraitdə meydana çıxan çağırışlar dövlətlərin idarəçiliyinin adekvat şəkildə tənzimlənməsini, bu sahədə zəruri islahatların aparılmasını, xüsusilə də həm dünyagörüşünə, mənəvi keyfiyyətlərinə, həm də bacarıqlarına, innovasiyalara açıq olmalarına, təhsil səviyyələrinə görə fərqlənən yeni nəsl kadr bazasının formalaşdırlmasını bir zərurət kimi qarşıya qoyur.

Bu baxımdan Azərbaycanın indiki strateji mərhələdə rəqəmsal inkişafı prioritet kimi müəyyənləşdirməsi, bununla bağlı ayrıca proqramın qəbul edilməsi, kadrların yetişdirilməsinə böyük həssaslıqla yanaşması təqdirəlayiq haldır. Məhz bu kontekstdə “Yüksəliş” müsabiqəsi kadr layihəsindən əlavə, Azərbaycanın dövlət siyasətinə üzvi şəkildə inteqrasiya olunmuş, idarəetmə kadrlarının inkişafı üzrə milli model və standart kimi qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayır ki, ölkənin strateji gələcəyi insan potensialının inkişafı və təbii resurslara əsaslanan modeldən biliklər iqtisadiyyatına keçidlə birbaşa bağlıdır.

Neft kapitalının insan kapitalına çevrilməsi prioriteti

Dünyada resurslarla zəngin olan ölkələrin sayı çoxdur. Lakin müqayisələr apardıqda aydın olur ki, dövlətlərin inkişaf indeksində resurs amili heç də əsas faktor  qismində çıxış etmir. Resurslarla zəngin olan bir sıra ölkələr var ki, sosial-iqtisadi inkişafları çox aşağı səviyyədədir, təhsil əhalinin bütün təbəqələrni əhatə etmir, digər dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdədirlər. Yüksək rifah cəmiyyətləri qurmağa, texnoloji yüksəlişə nail olan əksər ölkələrdə isə əsas inkişaf indikatoru məhz insan kapitalıdır. Bu qəbildən olan dövlətlərdə insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edirr. Dünya Bankının 2022 -ci  ilin yekunlarına dair açıqladığı statistikaya görə, insan kapitalının ÜDM-dəki həcminə görə ABŞ, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, İsvecrə, İtaliya, İspaniya və Norveç ilk onluqda yer alırlar. Bu ölkələrdə insan zəkasının məhsulu olan elektronik məhsullar dünyadakı ÜDM-in 45-50 faizini təşkil edir. Dünyanın ən böyük şirkətlərinin - “Samsung”un, “Apple”nin, “Sony”nin, “Mikorsoft”un, “Facebook”un gəlirləri bir çox ölkələrin illik büdcəsindən bir neçə dəfə çoxdur. Bütün bunlar ona dəlalət edir ki, indiki dövrdə dövlətləri güclü edən, onların gəlirlərini və ÜDM-ni artıran mənbələr sırasında zəka məhsulları, inellektual bacarıqlar, proqram təminatları neft-qaz resurslarından daha üstün mövqeyə keçib. Bu tendensiyanın perspektivdə daha da artacağı şübhəsizdir.

Azərbaycanın resurslarla zəngin olan, lakin inkişafını təmin edə bilməyən ölkələrdən fərqi ondadır ki, respublikamız Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində neft kapitalının insan kapitalına çevrilməsi yolunu tutub. Bu, dövlətimiz üçün alternativi olmayan seçim və strateji hədəfdir. Təsadüfi deyildir ki, ölkəmizdə dövlət büdcəsidən elm və təhsilə ayrılan vəsaitlər davamlı olaraq artırılır. Bu sahəyə yönəldilən investisiyalar çox doğru olaraq respublikamızın, xalqımıszın gələcəyinə yönəldilən sərmayələr kimi dəyərləndirilir.

Təhsilin inklüzivliyinin təmin edilməsi

Ölkəmizin nümunəvi modelində diqqət çəkən ən mühüm məqamlardan biri təhsilin prioritetliyinin və inklüzivliyinin təmin edilməsidir. Gənclər üçün yüksək səviyyəli təhsil mühitinin yaradılması Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi siyasətin çox mühüm istiqamətlərindən birini təşkil edir.  Son 22 ildə respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamlar əsasında təhsil sahəsində ardıcıl islahatlar həyata keçirilib, dünyanın qabaqcıl ölkələrinin təcrübələri mənimsənilib.  Bütün ölkə boyunca müasir təhsil infrastrukturunun qurulması böyük nailiyyətdir. Burada həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun ölkədə təhsilin inkişafına davamlı töhfələr verməsinin önəmini xüsusi qeyd edə bilərik. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində paytaxtda və regionlarda çoxlu sayda təhsil müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla, o cümlədən də kompüterlərlə təchiz edilib. 

Məlumdur ki, ötən 22 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Həmin Dövlət proqramları ilə qarşıya qoyulan əsas hədəflərdən biri də gənclərin təhsilə əlçatanlığının artırılması ilə bağlıdır. Bəhs olunan dövrdə respublikamızda gənclər siyasəti ilə bağlı təsdiqlənən  mühüm Dövlət proqramları aşağıdakılardır:

- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”.

Sonuncu Dövlət Proqramının müddəti Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli sərəncamı ilə 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə, 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub.

Azərbaycanda möhkəm zəmin üzərində qurulan elm və təhsil siyasətinin ardıcıllığı perspektivdə də təmin olunacaq. Ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələ üçün müəyyənləşdirilən 5 milli prioritetdən biri  məhz rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanın formalaşdırılması ilə bağlıdır. Bu prioritetin uğurla reallaşdırılması üçün isə XXI əsrin tələblərinə uyğun elm və təhsil sisteminin qurulması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində oxuyuruq: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır”.

Azərbaycanın strateji hədəfi - idarəetmədə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi

Ölkəmizdə ardıcıl olaraq idarəetmə islahatları həyata keçirilir. O cümlədən bu sahədə islahatlar aparılarkən idarəetmədə müasir çağırışlara uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Qeyd etmək yerinə düşər ki, idarəetmədə rəqəmsallaşmanın tətbiqi hazırda dünyada ən intensiv yayılan trendlərdən biridir. Rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsinin məntiqi nəticəsi kimi, qlobal iqtisadiyyat sürətlə böyüyür. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olub. Əgər 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edirdisə, 2026-cı ilədək bu həcm 5 dəfə artıb. Hazırda qlobal məlumat sferasında illik ən sürətli artıma dünya nəhəngi Çin liderlik edir. Bu ölkə, həmçinin bulud texnologiyalarının tətbiqində rəqib tanımır. Sonrakı yerləri Asiya-Sakit Okean, eləcə də Avropa, Yaxın Şərq və Afrika regionları ölkələri bölüşürlər. Hazırda bulud texnologiyaları sənayesinin liderlərinin mənzil-qərargahı ABŞ-da yerləşir ki, bu da özlüyündə çox mühüm bir göstəricidir. Avropa regionu transformasiya texnologiyalarının alışı üzrə ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Onu da vurğulayaq ki, dünya ölkələrində rəqəmsal texnologiyaların tətbiqinə fərqli yanaşmalar mövcuddur. Xüsusilə Sinqapur, Cənubi Koreya, Yeni Zelandiya və Danimarka kimi ölkələr bu sahədə daim yeni təşəbbüslərdən çıxış edərək özlərinin innovativ həllərini və tətbiqlərini təqdim edirlər.

Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə uyğun quran dövlətdir. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq idarəetmədə, iqtisadiyyatda və sosial sferalarda qabaqcıl texnologiyaların tətbiqi yolu ilə inkişafın ardıcıllığını və dinamizmini bundan sonra da təmin etməyi hədəfləyib. Respublikamızda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını şərtləndirən amillər sırasında yer alır.

Respublikamızın idarəetmədə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri də kifayət qədər böyükdür. Prezident İlham Əliyevin  27 fevral 2026-cı il tarixində imzaladığı müvafiq sərəncamla “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Eyni zamanda, dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə qurumun tərkibi təsdiqlənib. Bu islahatlar Azərbaycanda perspektiv inkişaf trayektoriyasının məhz rəqəmsallaşma ilə əlaqələndirildiyinin əyani sübutudur. Şübhə yoxdur ki, dövlət idarəçiliyində böyük təcrübəyə malik olan Mehriban xanın Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri kimi təsdiqlənməsi ölkəmizdə bu sahənin inkişafına güclü təkan verəcək.

“Yüksəliş” müsabiqəsi vasitəsilə layiqli kadr bankının formalaşdırılması

İndi həmçinin kadrlara verilən tələblər də dəyişib. Yeni idarəetmə modeli Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirir. Burada heç şübhəsiz ki, kadrlar mərkəzi fiqurlar qismində çıxış edəcəklər. Kadrlar idarəetməyə yeni nəfəs və dinamizm gətirməlidirlər. Azərbaycan nümunəsində biz kadrlara verilən tələblərin kifayət qədər yüksək olduğunu görürük. Dövlət başçısı vəzifələrə təyin etdiyi  kadrları şəxsən qəbul edir və onlara ictimaiyyət qarşısında tapşırıqlarını verir. Qarşıya qoyulan tələblər belədir: Kadrlar düzgün işləməli, əliəyriliyə yol verməməlidirlər.

Mənəvi keyfiyyətlərlə yanaşı, kadrların təhsil və bacarıq səviyyələri də yüksək olmalıdır. Aparılan islahatlara və müəyyənləşdirilən strateji kursa uyğun olaraq müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması prioritetdir.

Respublikamızda Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Müsabiqədə iştirak Azərbaycan vətəndaşları üçün sosial mənşəyindən, yaşadığı regiondan və peşə sahəsindən asılı olmayaraq açıqdır. Çoxmərhələli seçim sistemi, yəni onlayn testlər, praktiki tapşırıqlar, komanda layihələri və final təqdimatları yalnız bilik səviyyəsini deyil, həm də idarəetmə düşüncəsini, liderlik potensialını və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərmək bacarığını qiymətləndirməyə imkan verir.

“Yüksəliş”in prinsipial fərqi ondan ibarətdir ki, müsabiqə qaliblərin elan olunması ilə yekunlaşmır. Onun iştirakçıları mentorluq proqramlarını, təlimləri, real layihələrdə iştirakı və peşəkar əlaqələrin qurulmasını əhatə edən uzunmüddətli inkişaf ekosisteminə daxil edilirlər. Kadr ehtiyatının və Kadr Bankının yaradılması dövlət və özəl qurumlara hazırlıqlı və motivasiyalı mütəxəssislərə çıxış imkanı verir, iştirakçılara isə strateji əhəmiyyətli sahələrdə öz potensiallarını reallaşdırmaq fürsəti yaradır.

Mübariz ABDULLAYEV

Seçilən
30
yeniazerbaycan.com

1Mənbələr