Bakı, 11 mart, AZƏRTAC
Yaxın Şərqdəki münaqişə fonunda qısamüddətli perspektivdə qlobal miqyasda neft tədarükündəki fasilələr, hasilatın azaldılması və davam edən risklər səbəbindən ilin ikinci rübündə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 91 dollar səviyyəsində olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumatda deyilir.
Bildirilir ki, Yaxın Şərqdəki münaqişə nəticəsində qlobal neft tədarükü pozulub, hazırda neft qiymətlər bölgədə artan gərginlik fonunda müəyyən edilir. Belə ki, fevralın 27-də birjalarda “Brent” neftinin bir barelinin qiyməti 71 dollar olduğu halda, fevralın 28-də Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından sonra qiymət martın 9-da 104 dollar/barelə yüksəlib. Neft qiymətləri ilin əvvəlindən isə təxminən 50 faiz artaraq 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Hesabatda vurğulanır ki, neft qiymətlərinin davamlı artmasına səbəb qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi vacib enerji tranzit nöqtəsi olan Hörmüz boğazının uzun müddət bağlanmasıdır. Buna görə də, bazarda risklər və qeyri-müəyyənlik davam edir. Hörmüz boğazının faktiki bağlanmasının qarşıdakı həftələrdə Yaxın Şərqdə neft hasilatının daha da azalmasına səbəb olacağı ehtimal edilir. Aprel ayında region ölkələrinin neft hasilatını dayandırmasının pik həddə çatacağı gözlənilir. Bu azalmalar əsasən İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə baş verəcək. Hörmüz boğazından tranzit bərpa olunduqca isə hasilatdakı azalmaların tədricən bərpa olunacağı gözlənilir.