AZ

92 yaşlı loğman Ərşad Əzimzadə: Allah Quranda bizə ət və buğda yeməyi məsləhət görməyib - MÜSAHİBƏ

Aznews.az yazıçı-jurnalist, tanınmış loğman, təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadənin APA-ya müsahibəsini təqdim edir.

Dosye: Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinskiy raboçiy" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifələrində çalışıb. Təbii üsullarla müalicə üzrə mütəxəssis kimi tanınır. "Möcüzəsiz möcüzə", “Bizi yaşadan da qidadır, öldürən də”, “Cəhənnəmdən cənnətə bir addımdır” kimi kitabların, eləcə də “Ağ atlı oğlan” və başqa bədii əsərlərin müəllifidir.

Fotoqrafımız Rüfətlə Ərşad müəllimin təzəlikcə işə düzəldiyi şirkətə gəlmişik. Bizi şüşə arakəsməli otaqlardan birinə dəvət edirlər. Müsahibə üçün uyğun guşə axtara-axtara Ərşad müəllimin gəlməsini gözləyirik. Az sonra müsahibimiz ofisin uzaq küncündən görünür. Qaməti əyilsə də, yerişi yaşına görə xeyli qıvraqdır. İş masalarının yanından keçib bizim otağa sarı gəlir və şüşə qapını açıb içəri keçir.

Ermənilər bizim kənddən qorxurdu

- Salam, xoş gəldiniz.

- Xoş bulduq.

- Mirmehdi.

- Mən də Mirərşad.

- Lap yaxşı. Siz deyəsən, elə Seyidlər kəndindənsiniz, Zəngilanın.

- Hə, Seyidlərdənəm. İki qardaş olub, kənd camaatı da onların törəməsidir.

- Onda əməli-başlı seyidsiniz?

- Yüz faiz. İntəhası komsomol, mətbuat işçisi olmuşam, “Mir”i istifadə edə bilməmişəm. Sonralar da təşəbbüs göstərməmişəm. Bizim kəndin hamısı seyiddir. Hətta ermənilər də qabaqlar qorxurdu, bizim kəndi dağıtmırdılar. İndiki ermənilər isə artıq dağıdır. 1918-ci ildə anamgil oradan qaçıblar, deyirdi ki, taxıl vardı, quyuda basdırmışdıq, gəldik, gördük, o da yerindədir, heyvanlar da yerindədir. Yəni, qorxudan torxunmamışdılar.

Ayaqüstü söhbətdən sonra fotoqrafımızın seçdiyi yerdə əyləşirik. Bizə çay gətirirlər. Stəkanlardan birini müsahibimin qabağına çəkirəm.

- Çay içirsiniz?

- Mənim öz çaylarım var.

- Bu çaylardan içmirsiniz?

- İçmirəm.

- Nə çayıdır? Bəlkə biz də içək, şəfa taparıq.

- Burada yoxdur, itburnu ilə qaragilənin qarışığıdır. İkisi bir yerdə dəmlənməlidir. Birində A vitamini çoxdur, o birisində C vitamini. Ona görə də onu mən axşamdan dəmləyirəm.

- O cür çayı hər gün içirsiniz...

- Hər gün. 32 ildir. Bunlar ikisi birlikdə olanda orqanizmdə yaxşı müdafiə xətti yaradırlar.

- Ərşad müəllim, bu səhər nə yemisiniz? Düzü mən hər müsahibimə bu sualı vermirəm.

- Hippokrat deyirdi, biz nə yeyiriksə, oyuq. Məhəmməd peyğəmbər deyirdi ki, bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhriz. Buna görə də qida rejimini dəyişmədən, düzgün qidalanmadan insan sağlam ola bilməz. Çünki qanı yaradan qidadır. Bizim hüceyrələrimiz isə qanın tərkibindən asılıdır. Bədənimizdə 70 trilyon hüceyrə var. Təpədən dırnağacan hüceyrədən toxunmuşuq. Bu 70 trilyon hüceyrənin yeməyi canlı qidalardır: meyvədir, tərəvəzdir, çiçəklərdir, otlardır və s. və ilaxır. Əgər biz onları vitaminlərlə, təbii duzlarla, təbii turşularla, təbii yağlarla kifayət qədər təmin edə bilməsək, zəifləyəcəklər. Çünki hüceyrələr həm bir tərəfdən kütləvi şəkildə qırılırlar, həm də onlarda nəsil artırmaq qabiliyyəti pisləşir. Hüceyrələr canlıdırlar, evlənirlər, toy edirlər, dünyaya övlad gətirirlər.

Gün ərzində bədənimizdəki hüceyrələrin bir faizi ölür, bir faizi isə yaranır. Amma bu hüceyrələr düzgün qidalanmadıqda, yəni ölü qida yedikdə, tutalım, bişmiş xörəklər, duza qoyulmuş qidalar...

- Konservlər.

- Bəli, konservlər. Bunlar hamısı ölü qida sayılır, çünki tərkibində heç bir faydalı element qalmır. Ona görə də onlara alimlər ölü qida adı veriblər. Canlı qida hüceyrələrə kifayət qədər faydalı element daşıya bilir. Ölü qida isə ancaq şlak şəklində yığılıb bədəndə qalır.

İldə 20 balon bal işlədirəm

- Ölü qida həm mədənimizi doldurmağa xidmət edir, həm də bədənimizi zəhərləyir, xüsusi bir faydası yoxdur?

- Yox, faydası yoxdur, amma böyük zərəri var.

- Bəs konservlərin üstünə niyə B1, B2, C, D və sair vitaminlər “var” deyə yazılır?

- Onlar hamısı reklam xarakteri daşıyır və pul tələsidir.

- Ona qayıdarıq, mən bilmək istəyirəm, bu səhər nə yemisiniz?

- Mən hər gün eyni qaydada qidalanıram. Yerdən duran kimi, 300 qramlıq fincanım var, onunla bir həmən çaydan süzürəm. Ona əlavə edirəm iki çay qaşığı alma sirkəsi, iki çay qaşığı bal. Bunu içdim, üstündən təxminən bir saat keçir. Bir dənə limonun şirəsini sıxıram. Sonra içinin ağ hissəsini dırnağımla çıxardıram, tökürəm həmən fincana. Üç çay qaşığı bal əlavə edirəm və içirəm. Onu içib gəlmişəm bura. İndi burada da bir dənə portağal ilə bir limonun şirəsini verdilər səhər-səhər.

- Kim verdi?

- Şirkət.

- Şirkət onu hamıya verir, yoxsa təkcə sizə?

- Yox, hamı istəmir axı onu. Mənim qidam odur, mən ayrı qida yemirəm. Günorta da kök, çuğundur və xiyarın şirələrindən ibarət qarışığı içəcəm.

- Nə əcəb onları yemirsiniz?

- Şirədə axı vitamin daha çoxdur. Biri var, sən bir almanı yeyəsən, bir də var 5 almanın şirəsini içəsən.

- 5 alma yeyin.

- 5 almanı yemək olmur axı, yeyə bilmirəm.

- Meyvə-tərəvəzlərin şirəsini çəkəndən sonra yerdə qalan hissəni atırsınız? Orda da vitaminlər, liflər var.

- Əsasən liflər var, vitamin şirədədir.

- Bağırsağa da liflər lazımdır.

- Günorta mənə həmən liflərdən ibarət salat düzəldəcəklər. O salatı yeyəcəm. Bu olacaq mənim əsas qidam. Yəni, bağırsaq normal işləyəcək.

- Bəs axşama nə yeyəcəksiniz?

- Axşama, yenə salat olacaq, kahı, kərəviz, kökdən ibarət salat. Bir də ki, ya 5-8 ədəd qoz yeyəcəm, ya da 10-15 ədəd badam, fındıq... Yəni bunları o salatla yeyəcəyəm.

- Sabah səhərki rasionunuz nə olacaq?

- Hər gün eyni şey olur. Ondan başqa çiy yumurta yeyirəm.

- İçirsiniz?

- Yox, içmirəm. 2 dənə yumurtanı sındırıb tökürəm piyaləyə. Ora da əlavə edirəm bir diş sarımsaq və bir az da limon sıxıram üstünə. Niyə görə? Çünki yumurtanın tərkibində mikrob ola bilər. O mikrobları məhv eləməyin yolu limon və sarımsaqdır. Ona qatıram 1 çay qaşığı kakao və 2 çay qaşığı bal. Mənim əsas qidam demək olar ki, baldır. Ona görə də, ildə mən 20 balon – biri 4 kiloqram yarımdır - bal işlədirəm.

- İlə 3500 manata yaxın pul edir. Siz onda bizdən bahalı yaşayırsınız.

- Yox, bir dəqiqə, ətə pul vermirəm. Yağa pul vermirəm, çörəyə pul vermirəm, çaya pul vermirəm, şəkərə pul vermirəm. Ondan sonra, həkimə pul vermirəm. Dərmana pul vermirəm. Bunların hamısını hesablayanda mən sizdən çox-çox az pul xərcləyirəm.

Katib məni görəndə ayağa dururdu

- Həkimə sonuncu dəfə nə vaxt getmisiniz?

- Son vaxtlar diş həkiminə getmişəm, vəssalam. 32 il bundan qabaq şəkərli diabetə tutulanda həkimə gedənəm.

- O vaxta qədər bizim kimi qidalanırdınız?

- Hə, sizdən də pis. Təsəvvürünə gətir, mərkəzi dövlət qəzetinin bölgə müxbiri işləyirdim.

- Hansı qəzetdə işləyirdiniz?

- Lap əvvəl “Molodyoj Azerbaydjana”a qəzetində, sonra “Azərbaycan”, “Bakınskiy raboçiy” qəzetlərində işləmişəm. Uzun illər Lənkəran, Quba-Xaçmaz tərəflərdə zona müxbiri olmuşam. Təsəvvür edirsən, biz içəri girəndə katib ayağa dururdu. Çalışırdılar ki, biz razı gedək. Bizi yaxşı qidalandırırdılar. Yaxşı yemək verirdilər.

- Məclis qurulurdu da, belə deyək?

- Məclis yox, adətən elə ikimiz olurduq. Katiblərin həmişə ayrıca kabinetləri olurdu, orada otururduq. Yaxşı yeməklər gəlirdi. O yeməklərdən yeyirdim. Təsəvvürünə gətirirsən də, katibin yeməyi necə olar. Mən də onunla yeyirdim. Gedəndə də ətdən, yağdan pay qoyurdular, heç vaxt korluq çəkmirdim. Mən bir az təmiz işləmişəm. Pul zad almırdım, həm də heç vermirdilər, versəydilər, alardım. “Bakinskiy raboçiy”, “Molodyoj Azerbaydjana” təmiz qəzet idi. “Kommunist” qəzeti yox, orda işləyənlərin çoxu fırıldaqçı idi. Mən rus dilini də mükəmməl bilirəm, onun üçün bu qəzetlərdə işləyirdim.

- O dövrdə jurnalistlərin maaşı necə idi?

- Çox pis. Ümumiyyətlə, maaş Sovet dövründə də, indi də çox pisdir. Biz zona müxbiri kimi yerlərdə otururduq. Lənkəranda mənə ev vermişdilər. Tədbirləri işıqlandırırdım, özüm mövzu seçib müstəqil işləyirdim. Adətən reportajlar yazırdım. Hazırda mən “Durna bulağı” adlı roman yazıram, bunların hamısını orada qeyd etmişəm. Bir də monoqrafiya yazıram.

- Nə ilə bağlıdır?

- Öz taleyim, həyatımla bağlıdır.

- Taleyinizdən narazı olmağınızla bağlıdır?

- Çox narazıyam taleyimdən.

- Niyə?

- Nə bilim, anam mənə həmişə deyirdi ki, qaradabansan. Qaradaban biz tərəflərdə bəxti gətirməyən adamlara deyirdilər. Həmişə deyirdi ki, sən dünyaya gəldin-gəlmədin, bu dünya pozuldu. Məndən qabaq yaxşı yaşamışdılar. Atam dərzi işləyirdi.

- Seyidlərdə?

- Hə, dərzi işləyirdi, başqa kəndlərdən də tikməyə paltar gətirirdilər, yaxşı dolanışığımız olurdu. Pulu olmayanlar, ərzaq, qoyun-quzu verirdilər. Ona görə də onlar yaxşı yaşamışdılar. Elə ki, mən 1934-cü ildə dünyaya gəldim, 37-də kolxoz, artel (Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi – M.A.) gəldi.

- Camaatın, heyvan-qarasını alıb qatdılar kolxoza?

- Bizim çoxlu malımız var idi, aldılar, qatdılar kolxoza.

- Hamısı yadınıza gəlir, yoxsa?

- Bəli. Sonra, atamı məcbur elədilər ki, artelə girsin. Öz başına işləyə bilməzdin. Əl-qolunu tamam bağladılar. Nə qədər plan doldurmalı idi. Artelin dərzisi kimi işlədiyi üçün atam rayon mərkəzinə köçməli oldu. Anamı isə kolxozdan buraxmadılar. Beləliklə, atam rayon mərkəzində qaldı, anam kənddə, mən gah ora, gah bura gedirdim. Ailə demək olar dağıldı. Sonra qardaşımın taleyi pis gətirdi.

Qardaşım qələbə xəbərini eşidəndə ağladı

- Siz ailədə böyük uşağıydınız?

- Mən sonbeşiyəm. Yeddinci uşaq idim. Qardaşım böyük idi, müharibəyə getdi. Möhkəm döyüşdü. 45-ci illərdə yaxşı ordenlərlə gəlmişdi. Bir də təzədən çıxıb getdi. Çünki komandir idi. Getdi, orada da bir adamı öldürdü. Ona həmən vaxt iki aylıq məzuniyyət vermişdilər, Zəngilana gəlmişdi. May ayının 9-u rayon mərkəzində bankın arxasındakı bağda oturmuşduq. Qardaşımı zabit kimi çay məclisinə dəvət etmişdilər. Hər gün bir təşkilat aparırdı, görüş keçirirdilər.

- Hələ müharibə gedirdi?

- Hə. O görüşlərə gedəndə məni də özü ilə aparırdı. Özü də balaca idim, qardaşım çox vaxt qucağına alıb aparırdı.

- Hiss olunur ki, həmişə belə arıq-cılız olmusunuz.

- Hə, elə o vaxtdan arığam. Çünki müharibənin üzündən vitamin qıtlığından inkişaf olmadı. Bizim nəsildən olan müharibə uşaqlarının hamısı bu cür törə qaldılar. Hə, 9-u mayda qardaşımla bankın arxasındakı bağda oturmuşduq. Birdən dirəyin yuxarısından asılmış səsgücləndirici ilə radiodan Levitanın (Yuri Levitan, Ümumittifaq radiosunun diktoru, nadir səs tembrinə malik idi – M.A.) səsi ilə xəbər verildi ki, Reyxstağa Sovet bayrağı sancıldı, Almaniya kapitulyasiya elədi. Bunu eşidəndə qardaşım uşaq kimi hönkür-hönkür ağlamağa başladı: “Mən orda olmalı idim, burda yox...” Bax, belə də dedi... O bilirsən, qeyri-adi adam idi, qəhrəman idi, amma normal adam deyildi.

- Müharibə yəqin, psixologiyasını pozubmuş.

- Hə, 4 il müharibədə döyüşmüşdü və tamam başqa adama çevrilmişdi. Çay süfrəsini yarımçıq qoydu, evə gəldik. Heç kəsə heç nə demədi. Bir balaca çantası vardı, onu götürdü, getdi. Gedəndən sonra eşitdik ki, komandir olduğu hissənin atını, arabasını satıb, inəkləri varmış, kəsiblər.

- Kim eləyib?

- Qardaşım.

Nəzərim Ərşad müəllimin sol əlinə ilişir, o da bunu görür:

Bu tibb elindən mənə yadigar qalıb.

- Nədir o?

- Poliartrit deyilən xəstəliyin nəticəsidir. Məndə 8 xəstəlik əmələ gəlmişdi, 30 il müalicə elədilər, sağalmadı.

- Hə, qardaşınız inəkləri kəsib.

- Kəsib, ordan gediblər, dəmir yolu stansiyasına, yük qatarında çaxır varmış, qapısını sındırıb çaxırları götürüblər, bayramı qeyd ediblər. Ona görə 2 illik islah əmək düşərgəsində göndərdilər.

Xalq Cəbhəsinin yaradıcılarından biri oldum

- Qardaşınız birdən-birə niyə belə edib?

- Bəs demirəm, anormal adam idi? Uşaq olanda da başını qoyurdu velosipedin üstünə, ayaqlarını qaldırırdı göyə, o cür sürürdü.

- Macərapərəst olub.

- Cüvallağı olub. Belələrinə adətən dəliqanlı deyirlər, mənsə deyirəm cüvəllağı. Atam həmişə onunla mübahisə edərdi, deyərdi Ərşaddan arxayınam, amma səndən yox.

- İslah əmək koloniyasından sonra nə oldu?

- Orda da bir polkovniki öldürdü.

- Nə üstündə?

- Qısqanclıq üstündə, sənəddə belə yazılmışdı. Yaraşıqlı oğlan idi, qızlar dərdindən ölürdü. Mənim kimi cılız, törə deyildi. Uca boylu, enlikürək oğlan idi. Məktəbdə qızlar onun üstündə qırğın salırdı. O vaxt qəsdən adam öldürməyin cəzası güllələnmə idi. Qardaşımın xidmətlərini nəzərə alaraq - hər halda bizə belə yazmışdılar - 25 il iş verdilər, göndərdilər Norilsk şəhərinə.

- Norilsk ən şimalda yerləşən şəhərdir, altı ay gecə, altı ay gündüz olur. Qışda temperatur mənfi əllini keçir.

- İndi şəhərdir, o vaxt qəsəbə idi. Orada da vitamin deyilən şey yoxdur. Ora cavanları göndərirdilər ki, mədənlərdə işləsinlər. Qardaşım cəmi beş il yaşaya bildi, vitaminsizlikdən dünyasını dəyişdi. Ona görə də anam həmişə deyirdi ki, sən gəldin-gəlmədin dünyaya, dünya dağıldı. Monoqrafiyanın adını da əvvəl “Qaradaban” qoymuşdum.

- Ərşad müəllim, onu elə bioqrafik roman kimi yazın da, monoqrafiya etiketi yapışdırıb niyə janr imkanlarını daraldırsınız?

- Orda mənim dünyaya, Sovet quruluşuna baxışım var. Mən orda Sovet quruluşunun eybəcəriklərini göstərirəm.

- Elə faktları göstərsəniz də bəs edər, əlavə şərhə nə ehtiyac?

- Yox, o heç. Hər halda mən Çörçill deyiləm, amma mənim taleyim də mürəkkəb olub. Sonradan gəldim, Xalq Cəbhəsinin yaradıcılarından biri oldum. Həbsxanaya düşdüm.

- Bu faktı bilmirdim.

- Bəli, AXC-nin yaradıcılarından biri mənəm. İntəhası, İdarə Heyətinə girməmişdim. Mən Xaçmazda işləyirdim. Onda “Azərbaycan” jurnalının baş redaktoru Yusif Səmədoğlu idi. Bizim münasibətlərimiz yaxşı idi. Çörək kəsmişdik, jurnalda “Qara kahada həyəcan” adlı fantastik povestim çıxmışdı.

- Sizin burada kitablarınız var?

- Var.

- Bədii əsərlərinizdən deyirəm, varsa, mənə verərsiniz, oxumaq istəyirəm.

- Baxaram, görüm varsa, mütləq verərəm. Keçən il “Ağ atlı oğlan” adlı 2 cilddən ibarət kitab yazdım. Əsər Ağ atlı oğlanı necə yaratmaq lazımdır, o barədədir. Mən bu qənaətə gəlmişəm ki, Ağ atlı oğlanı axtarmağa dəyməz. Ağ atlı oğlan hər bir evdə yetişməlidir. Onu necə yetişdirmək lazımdır?

- Orada göstərmisiniz sizin metodla necə yaşamaq lazımdır?

- O da var. Orada İdrak dərviş deyilən obraz var, mənim prototipimdir. O əsərdə 19 yaşında, əri müharibədə həlak olmuş qadın və onun oğlunun taleyindən bəhs olunur. Onlar axırda Bakıda məktəb açıb adını da “Ağ atlı oğlan” qoyurlar.

- Belə zəngin ömrünüz və mürəkkəb taleyiniz var. Niyə fantastikaya, təxəyyülə qaçırsınız? Axı sizin həyatınız özü elə fantastikdir! Olmaz ki, olduğu kimi yazasınız?

- Əksinə, mən o əsərdə Ağa atlı oğlan ideyasının çürüklüyünə gülmüşəm.

- Anladım. Müharibə vaxtı əri cəbhəyə yollanmış, başsız qalan tənha qadınlarla rəftar necə idi? Sizin kənddə belələri var idi?

- Var idi. O mövzunu mən Sovet dövründə “Arandan gələn adam” adlı povestimdə yazmışam. Ər gedib müharibəyə, özü də cəsur adam olub, yaxşı adam olub, kişi olub. Eybəcərin, xəstənin biri isə qalıb kənddə, olub kəndin ağası. Bu hərbçinin arvadına gözü düşür. Özü də o vaxtı bir-iki kilo buğdaya canını satanlar vardı.

- Nail olur arzusuna?

- Yox.

- Gerçək əhvalat əsasında yazmısınız, yoxsa təxəyyülünüzün məhsuludur?

- Bu, milyonların başına gəlmiş hadisələrdir.

Mənə dedilər 200 manat verməsən, qızıl medal ala bilməyəcəksən

- Siz o vaxt belə şeyləri görmüşdünüz?

- Hə, görmüşəm və onları ümumiləşdirmişəm. Mənim anamın əri var idi, yəni o qəhrəman mənim anam ola bilməzdi. Həm də biz yeddi uşaq idik, əsərdəki qadının bir uşağı var.

- Belə başa düşdüm ki, Levitan qələbəni elan eləyəndə rayonda bircə qardaşınız sevinməyib.

- Sevincindən göz yaşı tökənlər, ağlayanlar var idi. O günü hamı xilas günü kimi qarşıladı. Bir qardaşım çox pərişan oldu.

- Neçə qardaşıydınız?

- Bir o idi, bir mən. Yeddi uşaqdan beşi qız idi. Onların da taleyi çox ağır keçdi. Ən böyük bacımın yoldaşı dəmir yolunda işləyirdi, orada həlak oldu.

- Siz neçənci ildə Bakıya oxumağa gəldiniz?

- Bakıya birinci dəfə əlli dördüncü ildə gəldim. İki il işlədim. Evdən pul göndərmirdilər. Mən səkkizinci sinifdə oxuyanda atam öldü, doqquzda oxuyanda anamın gözləri tutuldu. Qaldım, tamam yetim.

- Böyük qardaşınız da həbsdə...

- Böyük qardaşım artıq həlak olmuşdu, dünyada yox idi. Mən məcbur qalıb montyor işləyirdim.

- Məktəbdə oxuya-oxuya?

- Oxuya-oxuya, həm də əlaçıydım. Mənə istədilər ki, qızıl medal versinlər. Məktəbin direktoru təmiz kişiydi. Atama, qardaşıma böyük hörməti var idi. Dedi ki, mənə sizin bir qəpiyiniz də lazım deyil. Amma aparıb Maarif Nazirliyə pul vermək lazımdır. Hələ Sovet dövründən, 52-ci ildən danışıram sənə. Dedi aparıb ora 200 manat verməsək, qiymətimi endirəcəklər, qızıl medal da düşməyəcək.

- Sizdə də heç nə yox.

Seçilən
14
8
aznews.az

9Mənbələr