AZ

Avtopa İttifaqı Kulevi limanını sanksiya paketindən çıxardı SOCAR ın rejimi pozmadığı məlum olub...

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Gürcüstanda yerləşən Kulevi neft terminalını Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketindən çıxarıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə göndərdiyi məktubda bildirib. Məktubun məzmunu barədə “Exo Kavkaza” məlumat yayıb.

Məktubda qeyd olunur ki, Gürcüstan hökuməti və Azərbaycanın dövlət neft şirkəti SOCAR fəaliyyətlərini Aİ sanksiyalarına tam uyğun şəkildə həyata keçirmək öhdəliyi götürdükləri üçün məsələ yenidən qiymətləndirilib.

Aİ rəsmisinin sözlərinə görə, Brüssel Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üzərində işləyir və bu məqsədlə Moskvanın neft məhsullarının ixracını məhdudlaşdıran tədbirləri gücləndirir.

Bu çərçivədə Rusiya və üçüncü ölkələrdə yerləşən, sanksiyalardan yayınmaq məqsədilə həyata keçirilən əməliyyatlara qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Gürcüstanda yerləşən Kulevi limanı ilkin mərhələdə Aİ-nin 20-ci sanksiya paketinə daxil edilə biləcək obyektlər arasında nəzərdən keçirilirdi. Buna səbəb limanın Rusiya neftinin dəniz yolu ilə daşınmasında istifadə olunması və “kölgə donanması”na aid tankerlərin bəzən limana daxil olması ilə bağlı iddialar idi.

Lakin Gürcüstan hakimiyyəti və limanın operatorunun götürdüyü öhdəliklərdən sonra Aİ məsələni yenidən qiymətləndirərək limanı sanksiya paketindən çıxarmaq qərarı verib.

Gürcüstan və SOCAR hansı öhdəlikləri götürüb?

Devid O'Sallivan məktubunda qeyd edib ki, Gürcüstan tərəfi Aİ sanksiya siyahısına daxil edilmiş gəmilərin ölkə limanlarına daxil olmasına və xidmət almasına icazə verməyəcəyini öhdəsinə götürüb.

SOCAR isə fəaliyyətini Aİ-nin sanksiya rejiminə tam uyğun həyata keçirəcəyini bəyan edib. Bu öhdəliklərə aşağıdakılar daxildir:

- Rusiya xam neftinin və ondan istehsal edilən məhsulların idxalına qoyulan qadağalara əməl olunması;

- Rusiya neftinə tətbiq edilən maksimum qiymət həddi mexanizminə riayət edilməsi.

Xatırladaq ki, Kulevi limanının sanksiya siyahısına salına biləcəyi barədə məlumatlar fevral ayında yayılmışdı. O zaman bəzi media orqanları İtaliya və Macarıstanın limanın sanksiya paketinə daxil edilməsinə qarşı çıxdığını yazırdı.

Mümkün sanksiyalar limanın Rusiyaya bağlı xam neft və neft məhsullarının daşınması üçün istifadə olunması ilə əsaslandırılırdı.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə sonradan bildirib ki, hökumət Avropa Komissiyasına Kulevi limanı ilə bağlı bütün məlumatları təqdim edib və bu məlumatlar limanda sanksiya rejiminin pozulmadığını göstərir.

Onu da xatırladaq ki, ötən ilin oktyabrında "Reuters" agentliyi Rusiyanın “Russneft” şirkətinin Kulevidə yeni tikilmiş neft emalı zavoduna ilk neft partiyasını göndərdiyini yazmışdı. Daha sonra Böyük Britaniya həmin şirkətə sanksiyalar tətbiq edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr