AZ

Qəzada xəsarət alan piyada yol polisinin müşayiəti ilə xəstəxanaya çatdırılıb VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, eləcə də pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

NİİM piyadalara müraciət edərək bildirir ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda “avtomobillər dayanıb, yol verəcək” düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar.

“Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə ağır nəticələrlə üzləşə bilərlər. Ona görə də yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar”, - deyə məlumatda vurğulanıb.

Seçilən
38
19
azertag.az

10Mənbələr