AZ

Qadınları pozğunluğa sürükləyənlər kişilərdir — Nadir Qafarzadə

"Qadınların davranışını yalnız onlara aid məsələlər kimi qiymətləndirmək düzgün deyil. Qadınları pozğunluğa sürükləyən əsas faktor kişilərdir. Bu baxımdan, hər ailədə nümunəvi, məsuliyyətli və tərbiyəli kişi olmalıdır ki, cəmiyyətdə sağlam nəsil formalaşsın. Eyni zamanda, ölkə təhsil sistemi və sosial mühit də gənclərin inkişafında vacib rol oynayır. İnsanlar yalnız ailədən deyil, cəmiyyətin ümumi davranış normalarından da nümunə götürürlər”. 


Bu sözləri Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə söyləyib.

O deyib ki, sosial şəbəkələrdəki mənfi təsirlər və yanlış nümunələr gənclərin davranışını yönləndirə bilər, buna görə də tərbiyə məsələlərinə diqqət artırılmalıdır:

“Sağlam cəmiyyətin formalaşması üçün valideynlərin, müəllimlərin və nümunəvi insanların fəaliyyəti vacibdir. Yalnız bu halda gənclər düzgün davranış qaydalarını öyrənə, əxlaqi və mədəni normalara uyğun tərbiyə ala bilərlər. Bu gün cəmiyyətdə baş verən mənfi hallara görə qadınları tam günahkar hesab etmək düzgün deyil. Qadın zərif və həssas varlıqdır. Əvvəllər deyirdilər ki, hər güclü kişinin arxasında güclü qadın dayanır. Amma bu gün daha doğru ifadə belə ola bilər: hər qadının yanında güclü, qeyrətli və məsuliyyətli kişi olmalıdır”.

O bildirib ki, qadın namusunu və ləyaqətini başqası üçün deyil, ilk növbədə özü üçün qoruyur:

“Lakin bəzən zəiflik anı olur və həmin məqamda onu düzgün yola yönəldəcək bir iradəli insanın varlığı vacibdir. Əgər kişi məsuliyyətsizdirsə və ya maddi maraqlara görə qadını uyğun olmayan mühitə yönəldirsə, burada əsas problem qadında deyil, kişidədir. Bu gün sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “Instagram” platformalarında yayılan görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradır. Ailə adı altında fəaliyyət göstərən bəzi məkanlarda etik çərçivələri aşan davranışlara rast gəlinir. Bu isə tərbiyə və mənəvi dəyərlər məsələsini yenidən gündəmə gətirir. Əsas məsələ ailə institutudur. Uşaq evin güzgüsüdür. Valideyn necə davranırsa, övlad da onu təkrarlayır. Evdə kitab oxunursa, uşaq da kitaba maraq göstərir. Evdə bütün vaxt telefon və sosial şəbəkələrə sərf olunursa, uşaq da həmin mühitdə formalaşır. Bu gün bir çox uşaqlar real həyat nümunələrindən çox virtual aləmdə gördükləri ilə böyüyürlər. Digər bir problem isə maddi dəyərlərin ön plana çəkilməsidir. İnsanlar imkanlarından artıq xərcləməyə, kreditə girərək bahalı telefon və ya lüks həyat tərzi nümayiş etdirməyə çalışırlar. Halbuki maliyyə savadlılığı, qənaət və sabahı düşünmək daha sağlam yanaşmadır. Borcla alınan komfort uzunmüddətli rahatlıq gətirmir. Cəmiyyətin sağlam gələcəyi üçün əsas məsuliyyət ailənin üzərinə düşür. Tərbiyə evdən başlayır. Valideynlər öz davranışları ilə nümunə olmalıdırlar. Güclü ailə, məsuliyyətli kişi, dəyərini bilən qadın və düzgün istiqamət verilən uşaq - sağlam cəmiyyətin əsas sütunları məhz bunlardır. Bu məsələlər geniş və çoxşaxəlidir. Lakin bir həqiqət dəyişmir ki, gələcək nəsillərin taleyi bu gün formalaşan ailə və sosial mühitdən asılıdır”.
Seçilən
111
1
yenilik.az

2Mənbələr