Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Parisdə keçirilən görüş regionda diqqət çəkən diplomatik təmaslardan biri kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda baş tutan bu görüş Türkiyə–Ermənistan münasibətlərinin mümkün normallaşması və regionda yeni əməkdaşlıq formatlarının formalaşması baxımından müzakirələrə səbəb olub. Bəs bu görüş Azərbaycan–Ermənistan sülh prosesi kontekstində hansı mesajları verir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hazırda Azərbaycan və Ermənistan sülh prosesindədir və müxtəlif sahələrdə əməkdaşlığın bərpası istiqamətində müəyyən addımlar atılır.

Onun sözlərinə görə, bu prosesə tam inamı olmasa da, reallıq ondan ibarətdir ki, tərəflər münasibətlərin normallaşması istiqamətində müəyyən təşəbbüslər göstərirlər.
“Təbiidir ki, bu proses fonunda Türkiyə ilə Ermənistan arasında da münasibətlərin formalaşması gündəmə gəlir. Türkiyə ilə Ermənistan münasibətlərinin gərgin olmasının əsas səbəbi Azərbaycan və Qarabağ məsələsi idi. Türkiyə dəfələrlə bəyan etmişdi ki, Ermənistanla münasibətlərini Azərbaycanın maraqları və siyasəti çərçivəsində quracaq. Nəzərə alsaq ki, Azərbaycan özü Ermənistanla münasibətləri normallaşdırmağa çalışır, bu halda Türkiyə ilə Ermənistan münasibətlərinin də normallaşmasında qeyri-adi heç nə görmürəm”, – deyə o, bildirib.
Tural Abbaslı hesab edir ki, bu münasibətlərin inkişafı enerji, ticarət və kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edə bilər. Onun fikrincə, Azərbaycan Ermənistanla münasibətləri yaxşılaşdırdığı üçün Türkiyə də bu istiqamətdə daha aktiv addımlar atmağa başlayır.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunarsa və Türkiyə kimi ölkələr də bu xətti davam etdirərsə, Ermənistanın Rusiyadan və digər xarici qüvvələrdən asılılığı tədricən azalacaq.
Əvəzində Ermənistanın Türkiyə və Azərbaycandan iqtisadi asılılığı arta bilər. Bu isə İrəvanı məcburi şəkildə bu iki dövlətlə münasibətləri yaxşı saxlamağa vadar edəcək. Amma düşünürəm ki, Ermənistan bu prosesdən zaman qazanmaq üçün də istifadə edəcək. Gücləndikdən sonra yenidən əvvəlki revanşist siyasətə qayıtmaq ehtimalı istisna deyil. Buna baxmayaraq, hazırkı mərhələdə Türkiyə ilə münasibətlərin qurulması Azərbaycanın həyata keçirdiyi siyasətə uyğundur”, – deyə o, vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az