Son dövrlər Bakıda taksi sürücülərinin ən çox narazılıq etdiyi məsələlərdən biri avtobus və velosiped zolaqları ilə bağlı tətbiq olunan cərimələrdir.
Sürücülər bildirirlər ki, bəzən yalnız sərnişini düşürmək və ya götürmək üçün bir neçə saniyəlik bu zolaqlarda dayanmağa məcbur olurlar. Lakin mövcud qaydalara görə, taksilərin avtobus və velosiped zolaqlarında dayanması qadağandır və bu halda sürücülər cərimə ilə üzləşir.
Halbuki şəhərin bəzi küçələrində sərnişini başqa yerdə düşürmək və ya götürmək bəzən mümkün olmur. Buna görə də sürücü seçim qarşısında qalır, ya sərnişinin tələbi ilə dayanıb cərimə riskini qəbul etməli, ya da qaydanı pozmamaq üçün sərnişini daha uzaqda düşürməli olur. Bu isə çox vaxt mübahisələrə və narazılıqlara səbəb olur. Hətta bununa bağlı sosial şəbəkələrdə cərimə qəbzləri də paylaşılıb.



Bu vəziyyətlər göstərir ki, avtobus və velosiped zolaqları ilə bağlı qaydalar taksi sürücüləri üçün müəyyən çətinliklər yaradır. Sürücülər qaydanı pozmamaq üçün sərnişini uzaqda düşürmək istəyir, sərnişin isə çox vaxt məhz istədiyi yerdə saxlanmağı tələb edir. Bu səbəbdən tərəflər arasında problemlər yaranır.
Taksilərə avtobus və velosiped zolaqlarından sərnişin götürməyə və ya düşürməyə niyə icazə verilmir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, zolaqlarda dayanmış avtomobil velosipedçinin yolunu kəsir və qəza riskini artırır:

“Bakı şəhərində taksi xidmətlərində sərnişin götürmə və düşürmə qaydaları yol hərəkətinin təhlükəsizliyini və nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə müəyyən edilib. Bu qaydaların əsas mahiyyəti ondan ibarətdir ki, taksilər sərnişinləri yalnız icazə verilən və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayan yerlərdə götürüb düşürsünlər.
Xüsusilə avtobus və velosiped zolaqlarında sərnişin götürmək və ya düşürmək qadağandır. Bunun əsas səbəbi həmin zolaqların xüsusi nəqliyyat növləri üçün ayrılması və onların fasiləsiz hərəkətinin təmin edilməsidir. Avtobus zolaqları ictimai nəqliyyatın sürətli və gecikməsiz hərəkəti üçün yaradılıb.
Əgər taksi sürücüləri bu zolaqlarda dayanaraq sərnişin götürsə və ya düşürsə, bu, avtobusların hərəkətini ləngidir, zolağın funksiyasını pozur və tıxacın yaranmasına səbəb olur. Xüsusilə pik saatlarda belə halların artması ictimai nəqliyyatın qrafikinin pozulmasına və yüzlərlə sərnişinin gecikməsinə gətirib çıxara bilər.
Velosiped zolaqları ilə bağlı qadağanın səbəbi isə velosipedçilərin təhlükəsizliyidir. Bu zolaqlarda dayanmış avtomobil velosipedçinin yolunu kəsir və qəza riskini artırır. Velosipedçi məcbur qalaraq avtomobil yoluna çıxmalı olur ki, bu da onun həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır”. Onun sözlərinə görə, taksi sürücülərinin üzləşdiyi problemlər də realdır:
“Şəhərin bir çox hissəsində xüsusi taksi dayanacaqları kifayət qədər deyil və mövcud dayanacaqlar bəzən dolu olur. Belə vəziyyətdə sürücülər sərnişini ya bir qədər uzaqda götürməyə məcbur qalır, ya da qısa müddətli dayanma etdiyinə görə cərimə riski ilə üzləşir.
Digər tərəfdən, bəzi sərnişinlər yol hərəkəti qaydalarından xəbərsiz olur və sürücüdən qadağan olunmuş yerdə dayanmağı tələb edir. Bu isə həm mübahisələrə, həm də sürücünün inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilir”. O təklif edib ki, bu problemin aradan qaldırılması üçün bir neçə istiqamətdə dəyişikliklərin edilməsi məqsədəuyğun olardı:
“İlk növbədə, şəhərin sıx ərazilərində, xüsusilə ticarət mərkəzləri, metro stansiyaları, xəstəxanalar və biznes mərkəzlərinin yaxınlığında xüsusi “taksi cib”ləri və qısamüddətli dayanma yerləri yaradılmalıdır. Bu cür sahələr taksi sürücülərinə sərnişini təhlükəsiz şəkildə götürmək və düşürmək imkanı verər”.
Ekspert qeyd edib ki, digər bir həll yolu taksi tətbiqlərində xəritə üzərində rəsmi götürmə və düşürmə nöqtələrinin göstərilməsidir:
“Belə olduqda sərnişin də əvvəlcədən bilir ki, avtomobil yalnız müəyyən edilmiş nöqtədə dayanacaq. Bu, həm sürücünün məsuliyyətini azaldar, həm də mübahisələrin qarşısını alar. Eyni zamanda, maarifləndirmə də mühüm rol oynayır.
Sərnişinlərə izah edilməlidir ki, sürücü qadağan olunmuş yerdə dayanarsa, cərimə olunur və bu qaydalar təhlükəsizlik məqsədi daşıyır. İctimai məlumatlandırma kampaniyaları, mobil tətbiqlərdə xəbərdarlıqlar və sosial çarxlar bu məsələdə faydalı ola bilər.
Avtobus və velosiped zolaqlarında sərnişin götürməyə qoyulan qadağa nəqliyyat sisteminin səmərəli və təhlükəsiz işləməsi üçün vacibdir. Lakin paralel olaraq şəhər infrastrukturunun taksi xidmətlərinin reallıqlarına uyğunlaşdırılması, daha çox dayanacaq sahələrinin yaradılması və sərnişinlərin məlumatlandırılması bu sahədə mövcud problemlərin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər”.