AZ

“Sabah”ın apellyasiya şikayəti təmin edilməyib, Kurban Berdiyevin cəzası azaldılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iclasda bəzi mübahisəli məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

“Sabah” klubunun sabiq qapıçısı Yusif İmanovla bağlı apellyasiya şikayəti təmin edilməyib. Komitənin qərarı qüvvədə saxlanılıb.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə ilk oyununda “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ədalət təmsilçilərini təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılması və klubun 10 000 manat cərimə edilməsi barədə Tovuz təmsilçisi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, həmin hadisə ilə bağlı İntizam Komitəsinin qərarı ləğv olunub. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq, Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib və rusiyalı mütəxəssisə 3 oyuna buraxılmama, “Turan Tovuz” komandasına isə 6000 manat cərimə cəzası tətbiq edilib.

Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

“Mingəçevir” klubunun I Liqanın XV turunda “Şəfa”ya qarşı oyunla bağlı apellyasiya şikayəti təmin edilib. Oyunun 45-ci dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyuna buraxılmaması barədə İntizam Komitəsinin qərarı ilə nəzərdə tutulmuş cəzanın 1 oyunu İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb və 6 aylıq sınaq müddəti təyin edilib.

Həmçinin “Biləsuvar” futbol klubunun apellyasiya şikayəti təmin edilib. Fevralın 8-də AFFA Region Liqasında keçirilən oyunda “Biləsuvar”ın futbolçusu Emil Həsənzadənin rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmaması ilə bağlı İntizam Komitəsinin qərarı ləğv edilib. AFFA İntizam Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş ədalətlilik və mütənasiblik prinsiplərinin təmin edilməsi məqsədi ilə futbolçunun cəzası 2 oyuna endirilib.

Son olaraq, Firuddin Əmirxanov tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib, Oyunçuların Statusu və Transfer Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalının qərarlarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
azertag.az

1Mənbələr