AZ

Rus rublu dollar qarşısında dəyər itirir Bəs manatı nələr gözləyir? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada dolların 80 rubl həddini keçməsi və rublun dəyər itirməsi region ölkələrinin iqtisadiyyatına mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya ilə iqtisadi əlaqələr, Rusiyada çalışan azərbaycanlıların ölkəyə göndərdiyi pul köçürmələri və manatın məzənnə sabitliyi baxımından bu prosesin nəticələri diqqət mərkəzindədir. Bəs rublun zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün daha çox risk, yoxsa yeni imkanlar yarada bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Rusiya valyutasının dəyər itirməsinin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

Onun sözlərinə görə, müsbət tərəflərdən biri Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması ilə bağlıdır.

“Xüsusilə ərzaq məhsulları, tikinti materialları, dərman preparatları və buğda kimi məhsullar Azərbaycana əsasən Rusiyadan idxal olunur. Rublun dəyər itirməsi nəticə etibarilə bu məhsulların qiymətinin ucuzlaşmasına səbəb olur. Çünki Azərbaycan və Rusiya arasında ikitərəfli ticarətdə məhsulların qiymətləndirilməsi əsasən dollar ekvivalentinə görə deyil, rubl-manat məzənnəsinə əsasən aparılır. Bu baxımdan rublun ucuzlaşması və manatın nisbətən güclənməsi Azərbaycanın xeyrinə hesab oluna bilər”, – deyə iqtisadçı qeyd edib.

Ekspert bildirib ki, bu tendensiya daxili bazarda bəzi məhsulların qiymətlərinə də təsir göstərəcək. Onun fikrincə, ərzaq məhsulları, tikinti materialları və bəzi dərman preparatlarının qiymətlərində müəyyən ucuzlaşma müşahidə oluna bilər.

R.Abbasbəyli eyni zamanda rublun ucuzlaşmasının mənfi tərəflərinə də diqqət çəkib. O, qeyd edib ki, hər il Rusiyadan Azərbaycana böyük həcmdə pul köçürmələri daxil olur və bu vəsaitlərin böyük hissəsi Rusiyada çalışan azərbaycanlılar tərəfindən göndərilir. Rublun manat qarşısında dəyər itirməsi həmin vəsaitlərin real dəyərini azaldır.

“Rublun ucuzlaşması nəticəsində Rusiyadan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi də azalır. Son iki ildə rublun dəyər itirməsi fonunda Rusiyadan ölkəmizə göndərilən vəsaitlərin həcmi 1,5 dəfədən çox azalıb. Bu isə xüsusilə həmin vəsaitlər hesabına yaşayan ailələrin sosial vəziyyətinə mənfi təsir göstərə bilər”, – deyə o, vurğulayıb.

İqtisadçı əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlıların ölkədə daşınmaz əmlak bazarında da müəyyən payı var. Onun sözlərinə görə, uzun müddət Rusiyadan göndərilən vəsaitlər hesabına Azərbaycanda mənzillər və digər daşınmaz əmlaklar alınırdı.

“Rublun dəyər itirməsi bu prosesə də təsirsiz ötüşmür. Nəticədə Rusiyadan gələn vəsaitlərin azalması daşınmaz əmlak bazarında müəyyən durğunluğa və ticarət dövriyyəsinin zəifləməsinə səbəb olacaq”, – deyə ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
1
konkret.az

2Mənbələr