
ABŞ Müdafiə Nazirliyi üç il ərzində 200 milyard dollar dəyərində müdafiə müqavilələrini həyata keçirmək üçün birbaşa investisiyalar üzrə ekspertlərdən ibarət xüsusi bölmə yaradır.
AFN.az xəbər verir ki, bu barədə "Semafor" portalı qurumun daxili sənədlərinə istinadən məlumat yayıb. Portalın yazdığına görə, Pentaqon bu yeni komandanı Çinin artan nüfuzuna qarşı mübarizə aparmaq məqsədilə formalaşdırır.
Məlumata görə, 30 nəfərlik komandanın işə qəbulu üçün əsas hədəf "Wall Street"in aparıcı bankları olan "Goldman Sachs", "Morgan Stanley", "JPMorgan" və "Bank of America"dır. Proqram daimi iş yeri kimi deyil, iki-üç illik "ezamiyyət" kimi təqdim olunur. Namizədlərə əksər investorların bütün karyeraları boyu qarşılaşdıqları həcmdən daha böyük kapitalla əməliyyatlar apararaq öz ölkələrinə xidmət etmək imkanı təklif olunur.