AZ

Tanışını xüsusi amansızlıqla öldürən keçmiş məhkumun istəyi reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 ünvanında qeydə alınıb.

 

Belə ki, əvvəllər məhkum olunmuş Təbriz Həsənov 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirib. Təbriz Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

İstintaqla müəyyən edilib ki, Azər İbrahimovun xalası oğlu saxlanıldığı üçün o, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fəhləlik etməsini, ona görə də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov rayonda olmasını, bu məsələ ilə bağlı Nihat Abbaslı və onun  tanışı CaviMəmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində, dəmiryolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ev 484-ə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmalı olduğunu tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasına şərait yaratdığına görə, əvvəllər cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etmələrini bildirib.

 

Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas almaq məqsədi ilə ayın 13-də günorta zəng edib ona Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının girişində görüşmələrini deyib. Saat 22 radələrində çıxıb kafenin qarşısında söhbət edərkən, bir gün əvvəl ona qarşı edilmiş qeyri-etik hərəkətə görə, hər üçündən üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda, üzərindəki bıçaqla tanışına bir neçə dəfə zərbə vurub. Zərbələrin təsirindən yerə yıxılan tanışının ölmədiyini görüb ona əlavə zərbələr endirib. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə, həmin ərazidən qaçıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Azər İbrahimov orda ölüb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədən səhində 7 ədəd bıçaq yarası aşkar edilib.

 

Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldümə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

 

Qeyd: Təbriz Həsənov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

 

Kamal Məmmədov

Tarix: 12 Mart 2026, 09:03   
Seçilən
62
pravda.az

1Mənbələr