AZ

Tramp heç ağıllı adama oxşayırmı?..

Qoca prezident Baydeni hər dəfə ekranlarda görəndə fikirləşirdim ki, İlahi, ABŞ seçicisinə nə olub, az qala, 300 milyon əhalisi olan bir ölkədə nsibətən cavan, enerjili adam yox idimi?

Qoca orientasiyanı belə müəyyyən edə, fiziki koordinasiyasnı tənzimləyə bilmirdi, sağa dönmək istədiyi halda bir də görürdün sola dönürdü və yaxud əksinə!..
Adam ya dəhşətli dərəcədə xəstəydi (səhv etmirəmsə, belə bir xəstəlik də var), ya da artıq tamamilə qoçalmış bir insan idi.

Bunu müşahidə etmək belə ağır idi. Birincisi, ona görə ki, az qala, dünənə qədər hamımız demokratiyayla, seçkiylə bağlı məsələrlərdə ABŞ-ı və amerikalıları bir növ etalon sayırdıq, amma Baydenə baxanda ağlımızdan bircə sual keçirdi: budurmu dünyanın ən demokratik ölkəsində ən ayıq-sayıq seçicilərin seçimi?

Hərçənd, vaxtilə ABŞ sosioloqlarının orta statistik amerikalı haqda gileylərini az oxumamışdıq. Məsələn, əfqan müharibəsilə bağlı aşkar danışılmağa başlayanda amerikalı sosioloqlar gileylənirdi ki, bəs orta statistik ABŞ vətəndaşı hətta xəritədə Əfqanlstanı harada axatarmağı belə bilmir! Yaxud seçki texnoloqları yazırdılar ki, insanlarda seçkilərə maraq getdikcə tamam azalır və s. və i.

Amma bütün bunları azsaylı qərbli demokratlar-ictimai fəallar və belə prosesləri az da olsa, stimullaşdırmağa çalışan müxətlif institutlar nisbətən kompensasiya edirdi, hansıların ki, sayəsində, məsələn, post-sovet məkanında “üçüncü sektor” deyilən və sonradan elə həmin post-sovet ölkələrinin bəzisinin avtoritar hakimiyyətləri tərəfindən iflic edilən ictimai strukturlar yaranmışdı.

Fəqət, hər dəfə qoca Baydenə baxnda istər-istəməz yadımıza sovet dövürünün ən durğun çağı, Brejnev çağları düşürdü: eynilə çarəsiz bir ölü qoca, hətta danışığı belə anlaşılmayan tamam huşsuz, ətrafda baş verən hər şeyə etinasız, onunçün qurulan növbəti səhnənin nə vaxt bitəcəyini belə gözləməyə gücü və səbri çatmayan canlı bir müqəvva...

Bəli, bütün bunlar milyonlarla insanı bir gün küçələrə, meydanlara çıxardı ki, son qoyulsun bu eybəcərliklərə! Amma böyük hesabla nə üçün? Demokratiyanın beşiyi sayılan ABŞ-da daha bir müqəvvaya, siyasi cəsədə-qoca Baydenə tamaşa etmək imkanı qazanmaqçünmü?..
Bəli, məsələnin dəhşətli tərəfi bu idi və az qala, cəmi dünyanın demokratları üçün təsəlli də yalnız bu idi ki, əslində ABŞ-ı kimin idarə etməsinin elə bir əhəmiyyəti yoxdur, ölkənin mükəmməl siyasi-iqtisadi sistemi var.

Amma beləydimi? Mənə elə gəlir ki, yox! Düzdür, demokratiyanın özündə çox şeyləri tənzimləyən mexanizmlər var və onlar axmaq təşəbbüskarları öz fantaziyalarına çox meydan verməkdən çəkindirir.

Bu cür hallar neçə dəfə indiki prezident Donald Trampla bağlı da yaşanmışdı. Məlum olmuşdu ki, yeri gələndə hətta Trampdan da güclü müxanizmlər var–bunlar ABŞ dövləti, onun siyasi-iqtisadi sistemi və nəhayət, cəmiyyəti, ictimai nəzarət mexanizmləridir.

Amma bəzəm sərsəm siyasətçilərin səfeh qərarlarının hamısının qarşısına sədd çəkmək olmur, çinki elə indi də xəritədə Əfqanıstanı tapa bilməyən nə qədər desən, ABŞ vətəndaşı var və onların etinasızlığı bir sıra məsələlərdə Tramp kimi “zorən demokrat”lara ən azı xarici siyasət, təhlükəsizlik və müdafiə məsələrində böyük meydan və sərbəstlik verir.

Tramp haqda cəmi bir-iki detal deyəcəm. Adam Pentaqonun adını dəyişib Müharibə Nazirliyi qoydu. Siz Allahnız, baxın, görün, Dünyanın heç olmasa, ən axmaq ölkəsində belə bir şey varmı? Mənim təsəvvürümə görə, bu Dünyada Şimali Koreyadan daha axmaq ölkə yoxdur, amma onun da müdafiə nazirliyi Xalq Silahlı Qüvvələri adlanır!
Dünyanın bütün ölkələri hərbi doktrinalarını müdafiə xarakterli adlandırır. Tamam başını itirmiş və həm də belə məsələlərdə heç olmasa, zəruri bicliyi olmayan bir-iki axmaq ölkə tapılar ki, durub öz hərbi doktrinasında yazsın ki, məqsədimiz nə vaxtsa, filan dövlətin ərazisini işğal etməkdir! İnanın, bunu düşünəndə beynimdə nə qədər qurdalanıram sərsəm erməni daşnaklarından savayı nümunə tapa bilmirəm: şükür, deyəsən, indi normal ermənilərin ağılları başlarına gəlir, konstitusiyalarında bəzi məsələləri pozmaq və ya təzədən yazmaq qərarırına gəliblər...

Görün, Tramp sonra nə etdi? 60 dövlətə dəvət göndərdi ki, gəlin “şabaş” edəcəm və hər birinizdən bir milyard dollar alacam, çünki Sülh Şurası yaratmaq və dünyadakı bütün münaqişələri həll etmək fikrindəyəm!..

Bir daha baxın: Müharibə Nazirliyi və Sülh Şurası! Bir araya sığırmı bu? Bu yaxınlarda bir yazıda yenə Brejnevdən və onun o dövrdəki Dünya Sülh Təşkilatından yazmışdım: bəli, Təşkilat ən böyük mükafatını verdi Brejenəvə, ardınca, heç bir-iki il belə keçməmiş SSRİ Əfqanıstana girdi! Bəli, düz on il davam edən müharibə başladı! Bu idi sülh?
Trampın da Sülh Şurasında içilən şampanların bokalları yığışdırılmamış İrana qarşı müharibə başladı...

Yox, hamı kimi biz də bəlkə on illərdir bir şeyin arzusundayıq: bu, İran “molla”ları rədd olub getsin! Ona görə ki, bunlar dəhşətli adamlardır...

Müğənniyə oxumağı, şairə-yazıçıya yazmağı, nə bilim, rejissora kino çəkməyi qadağan etmək olarmı? Bunların belə şeylərdən başqa heç nə gəlmir ağıllarına. Bir ölkədəki üzərrik yandırmaqçün xüsusi qab, nə bilim, “cihaz” hazırlayırlarsa, siz bunlar haqqında nə düşünərsiniz? Axı hər şey cəhənnəmə, bu, “Avesta”nın, “Şahnamə”nin yazıldığı ölkədir, özü də azı min bundan əvvəl! Normal ölkə, normal insanlar belə geriliyə dözə, tab gətirə bilərmi?

Bunları ona görə deyirəm ki, 21-ci əsr insanı bu “mədrəsə təhsilli” böyük dühalara bir söz deyərdi: Allah xatirinə, əl çəkin bu insanlardan! Bəli, siyasətdə çox qəribəliklər olubdur və elə indi də olur. Məsələn, Stalin də ruhani təhilsi almış adam idi, həm də yarımçıq. Amma hər il Stalin doğulmur siyasətdə axı! Hələ onu demirəm ki, çox şükürlər olsun Tanrıya ki, hər il Stalin hədiyyə etmir bu biçarə insanlara...

Odur, qardaş, ruhani nədir, siyasət nə! Olmazmı bunlara da Qumda kiçik, lap Vatikansayağı, Pyotr meydanı boyda yer verilsin və insanların canı qurtulsun: qoy, gedib orada nə qədər istəyirlər, “Kərbəla müsibətinin” qisasını almaqçün senarilər fikirləşsinlər!

Burada bir detalı qeyd etmək yerinə düşər. Tez-tez deyilir ki, azərbaycanlılar da iranlılar kimi şiədirlər. Belə deyil, azərbaycanlılar nə şiədir, nə də sünni! Biz müsəlmanıq, Allahı, Peyğəmbəri və Quranı tanıyırıq, kimsədən “Kərbəla müsibəti”nin əvəzini çıxmaq fikrimiz də yox. İnsafən, bizim Ruhani İdarəsi də şiə-sünni kimi söhbətlərin tamam aradan qaldırılması üçün çalışır, insanlar heç bir fərq bilmədən birlikdə namaz qılırlar! Ona görə də bizi iranlı ayətullahlarla heç nə birləşdirmir, nə şiə, nə də sünni “qövsü”nün üzvü deyilik, bizimçün müsəlmanlar və müsəlman ölkələri var.

Ayəttullahlardansa hamı dad edir. Deyəsəksiniz, bəs Tramp nə edir? Bunlara son verməyə çalışmırmı? Zahirən belə görünür, guya o da belə edir, əslindəsə başqa şeyin savaşını aparır məncə. Gah deyir ki, mollaların “seçki”sində mən də iştirak etməliyəm! İran rejimi hələ təzəcə “oborot” götürməyə başlayanda elan edir ki, müharibə bitdi, İran məhv edildi! Yenə yadıma sərsəm sovet rejimi, onun “beş illik plan”ları düşür! Odur, soruşnaq istəyirəm: məqsədiniz nədir? Hər beş-üç ildən bir gəlib yazıq insanların başına bomba tökmək? Kişilər, “molla” rejiminin məsələsini birdəfəlik həll edin, bitib-qurtarsın.

Problem yaradıblar: SEPAH! Soruşuram: guya qovulan Rza şahın SAVAK-ı (zəhrimar belə adlanırdımı?) bundan zəif və aciz idi? Qovdu onu insanlar! Beləcə, SEPAH- ı da bitirmək bircə günün işidir. Bunun daha effektiv yolları da sizə məlum, hətta düşünürük, böyük müharibəyə də ehtiyac yox, özünüz neçə, özü də müsəlman ölkəsində, sınaqdan keçirmisiniz bunu...

İran böyük inqilabın taman astanasında idi, amma indi hətta narazı, etrizçı insanların hamısı canlarının hayına qalıb. Həm də bəzi oyunlarınızdan əl çəkin, ona görə ki, insanlar bunu görürlər: o gün göstərirdilər ki, guya Tramp ətrafıyla birlikdə xristian rituallarnı icra edir. İnsanlar görür! Nəzərə alın, hətta İranda onlar rejimdən qurtulmağa çalışır, dindən-islamdan yox...

Trampın molla rejiminə daha bir təzyiq kanalı vardı. Amerikalılar danışıqları dünyəvi-siyasi hakimiyyətlə, Pezeşkianla aparmağı təkid edə bilərdi. “Molla”lar nə edəcəkdi? Məcbur olub razılaşacaqdılar! Amma ABŞ diplomatları nə etdi? İlk gündən elan etdilər ki, bəs, biz real hakim vektorla, “molla”larla danışıq apacağıq! Eyni gülünclüyü Ukraynada da edirdilər, hətta Zelenski də neçə dəfə dedi ki, Vaşinqton Rusiyadan çox bizə təzyiq edir!..

Belə gülünclük olarmı? Yoxsa ağılları kəsmir? Əlbəttə, kəsir! Sadəcə, özlərinin “böyük oyunları” var. Ona görə şəxsən bizə elə gəlir ki, İran məsələsini iki nəfərlə – Ərdoğan və Pezeşkianla, özü də iranlı türklərin də, farsların da, qeyri xalqların da xeyrinə həll etmək olar.

Kanal hələ də açıqdır. Guya Mossadın və MKİ-nin aradan götürmək istədiyi fiqurların arasında hələ doktor Pezeşkianın adını eşitmirik. Əlbəttə, bu siyahılar da feyk ola bilər, amma görün on gün ərzində nə qədər adam aradan götürülüb?

Ola bilər, başqa bir senari də meydana çıxsın, situasiya tez dəyişir, amma ABŞ siyasi əməkdaşlıq vektorunu İranın dünyəvi qüvvələrinə yönəltsə bəlkə nəsə kardinal şəkildə dəyişər. Həm də İran Liviya, hətta Misir deyil, əhali siyasi cəhətdən yetərincə savadlıdır, “molla”lar getsə, Dünya dağılmayacaq. O ki qaldı Pezeşkianın bir az sərt danışmasına, ümid edirik ki, bu da həll olunandır: adam ABŞ-a və İsrailə dərhal deyə bilməz ki, gəlin, bütün şərtlərinizi qəbul edirəm; o, pis-yaxşı, formal da olsa, İranın prezidentidir. İkincisi, danışıqlar ərəfəsində adətən hamı belə edir, necə deyər, yuxarıdan başlayırlar və əlbəttə, sonra razılığa gəlirlər...
O ki qaldı bizim kimi sıravi, “qaradərili” siyasi təhlilçinin hələ də bu adama inanmasına, əvvəla, ortada başqası yoxdur, həm də Doktor siyasətdə təzə adam deyil, yanılmıramsa, deputat, sonra nazir müavini, hətta nazir də olub. Üstəlik, İrandakı seçkilər ruhanilərin “filtri” və ya nəzarəti altında baş tutsa da, hər halda, 80 milyon əhalisi olan ölkədə prezident seçilmək də hər kişinin işi deyil.

Hətta burada maraqlı detal var. Pəhləvinin xaricdəki iranlılar arasında, Pezeşkianınsa daxildə müəyyən dəstəyi var: bəlkə bunun da əsasında bir siyasi senari qurmaq olardı? Düşünürük ki, elə prezident Ərdoğan da çox iş görə bilərdi, əlbəttə, bunu istəsə: hazırda çox ciddi adamlar Ankaranın daha təsirli vasitəçi ola biləcəyini qeyd edir. Bəlkə bu da imkandır ki, diplomatik dialoq doktor Pezeşkianla, yaxud başqa dünyəvi siyasətçilə aparılasın? Əks təqdirdə, “molla”ların qalma şansı artacaq, çünki razılıq əldə etdiyin, bazarlaşa bildiyin adama, meyxanaçılarımız demiş, “davay, do svidaniya!” deməyəcəksən ki...

Seçilən
41
musavat.com

1Mənbələr