AZ

Dövlət şirkətləri hesabat verdi

Azərbaycan İnvestisiya Holdinqinin iclasında maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması müzakirə olunub

Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. Baş nazir, AİH Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda holdinqin idarəetməsində olan portfel şirkətlərin 2025-ci ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış müzakirə olunub. Tədbirdə, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi məsələləri də nəzərdən keçirilib. Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində vəziyyət barədə məlumat verib.

İdarəetmənin tələbi: İqtisadi səmərəlilik və şəffaflıq

Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. Bu məqsədlə təsis edilmiş AİH ölkə iqtisadiyyatının inkişafına təkan vermək məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində səmərəverici təkliflər hazırlayıb həyata keçirir. Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, dövlət müəssisələrində yaradılan müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsi yeni idarəetmə metodunun üstünlüklərindəndir. Holdinq qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil edir, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşırır, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə edərək özəl investisiyaları gətirir, habelə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırır. Həmçinin dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək və onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq, dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək hüquqlarına malikdir.

AİH-in idarəçiliyində olan iri dövlət şirkətləri sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan alüminiumu” ASC, “Təmiz Şəhər” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azər Türk Bank” ASC və payı (səhmləri) dövlətə məxsus şirkətlər daxildir. AİH-in idarəetməsi altında olan şirkətlərin vahid investisiya platformasında birləşdirilməsi sayəsində son illərdə bu, strateji müəssisələrdə korporativ idarəetmə prinsipləri qurulub, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. AİH-ə aid dövlət şirkətlərində Müşahidə şuralarının yaradılması isə bu sektorda məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi, müəssisələrinin fəaliyyətində iqtisadi dividendlərin artması baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Bu, yeni yanaşma tərzi sayəsində müəssisələrdə intizamlı xərc siyasətinin tətbiqi, yeni gəlir mənbələrinin yaradılması, büdcə dotasiyalarının minimallaşdırılması, şirkətlərin büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməsi təmin olunur.

Dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi

Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir, xarici investorların ölkəmizə marağını artırır. Eyni zamanda, ölkə vətəndaşlarının iqtisadi inkişafdan tədricən daha çox bəhrələnməsi imkanları artır. İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır. Bu baxımdan, dövlət başçısının 31 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamı xüsusilə önəmlidir. Sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib. Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq. Bununla yanaşı, Sərəncam dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirmək məqsədi daşıyır.

Sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq. Təkliflər dövlət müəssisələrinin restrukturlaşması və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılması, dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, onların özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini əhatə edəcək. Ümumilikdə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcək.

Xarici şirkətlərlə birgə investisiya fondlarının yaradılması

Azərbaycan İnvestisiya Holdinqi beynəlxalq şirkətlərlə də sıx əməkdaşlıq edərək birgə sərmayə fondlarının yaradılması, investisiyaların qarşılıqlı təşviqi istiqamətində də çalışır. AİH və Oman İnvestisiya Qurumu arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsinin imzalanması bu baxımdan nümunəvi model sayıla bilər. Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.

Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları AİH, 100 milyon dolları isə OİQ tərəfindən təmin ediləcək. Bu Fond Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əlaqələrin güclənməsində də yeni iqtisadi sinerji formatı hesab olunur.

Bundan başqa, Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin “Silk Road Fund” (SRF) şirkəti arasında imzalanmış Çərçivə Sazişinə əsasən, əməkdaşlıq layihələrinin həyata keçirilməsi, o cümlədən infrastruktur, enerji və təbii ehtiyatlar, sənaye və maliyyə sahələrində investisiya imkanlarının araşdırılması nəzərdə tutulur. AİH-lə  Vyetnamın aparıcı elektrik nəqliyyat vasitələri istehsalçısı olan “VinFast” şirkəti arasında da birgə fəaliyyət imkanları çərçivəsində layihələrin icrası planlaşdırılır.

E.CƏFƏRLİ

Seçilən
37
1
yeniazerbaycan.com

2Mənbələr