AZ

Zelenskinin sərt Qərb siyasəti: həm Avropanı, həm də Trampı tənqid edir

Ukrayna Prezidenti Volodimir Zelenski son aylarda beynəlxalq tərəfdaşlara münasibətdə daha sərt bəyanatlar verməyə başlayıb. Analitiklər və siyasətçilər bunu həm uzanan müharibə, həm də dalana dirənmiş sülh danışıqları ilə əlaqələndirirlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Zelenskinin keçmiş xarici siyasət müşavirlərindən biri bildirib ki, Ukrayna liderinin artan narazılığı onun ictimai mesajlarında da özünü göstərir. Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, bu narazılıq daha sərt bəyanatları stimullaşdırır. Bu isə nəticədə öz-özünü zəiflədən bir dövrə yaradır.

Ukraynanın müxalifətçi deputatı Mıkola Knyajitski hesab edir ki, ritorikanın dəyişməsi sülh danışıqlarında Kiyevə edilən təzyiqlə bağlıdır:

“Zelenski anlayır ki, milli maraqları qurban verə və ölkənin şərq ərazilərindən imtina edə bilməz. Buna görə də Qərb liderləri ilə ünsiyyətdə daha açıq və birbaşa olub”.

Knyajitski əlavə edib ki, Ukrayna lideri ölkə daxilində də sərt mövqedə olduğunu göstərməyə çalışır.

“Zelenskinin bəyanatlarında həm danışıqlarda iştirak edən tərəfdaşlara emosional təsir göstərmək istəyi, həm də ölkə daxilində milli maraqların qəti müdafiəçisi kimi mövqeyini gücləndirmək cəhdi görünür”, – deyə Kniajitski vurğulayıb.

Orbanla gərginlik

Gərginlik ötən həftə Zelenskinin açıqlamalarından sonra daha da artıb. Ukrayna lideri Macarıstanın Baş naziri Viktor Orbanı açıq şəkildə ad çəkməsə də, onun ünvanına yönəldiyi hesab edilən bir ifadə işlədib.

Zelenski Ukrayna hərbçilərinə “müəyyən bir şəxsin ünvanını verə biləcəyini” və onların həmin şəxslə “öz dillərində danışa biləcəyini” söyləyib.

Bu sözlər Avropa İttifaqının (Aİ) narazılığına səbəb olub. Avropa Komissiyası, nadir hallarda edilən rəsmi tənqiddə Zelenskinin Aİ üzv dövlətlətinə qarşı “təhdid xarakterli” ifadələr işlətəməməli olduğunu bildirib.

Orban Ukraynanın təcili ehtiyac duyduğu 90 milyard avroluq Aİ kredit paketini blokladığı üçün Kiyevlə münasibətlərdə gərginlik yaşayır. Bundan əlavə, o, Ukraynanı sovet dövründən qalan və dünyada ən böyük və ən uzun neft kəmərlərindən biri olan "Drujba" vasitəsilə Rusiya neftinin nəqlini qəsdən dayandırmaqda da ittiham edib.

Zelenskinin cavabı

Ukrayna Prezidenti tənqidlərə cavab olaraq bildirib ki, Orban faktiki olaraq Rusiyanın mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, Macarıstan lideri Rusiyaya qarşı sanksiyaların qarşısını almağa və Qərb silahlarının ölkəsi üzərindən Ukraynaya daşınmasını əngəlləməyə çalışıb.

Zelenski həmçinin Avropa liderlərinin Orbána qarşı daha sərt mövqe nümayiş etdirmədiyini də tənqid edib.

Trampa münasibət də dəyişir

Zelenski son dövrlərdə ABŞ Prezidenti Donald Trump haqqında açıqlamalarında da əvvəlki ehtiyatlı mövqedən qismən uzaqlaşıb. O, Vaşinqtonun Kiyevə daha çox güzəşt təzyiqi göstərdiyini və Rusiyaya isə kifayət qədər təzyiq etmədiyini bildirib.

“Prezident Tramp hazırda məsuliyyət məsələsini qaldırmır və bu barədə demək olar ki, heç kim danışmır”, – deyə Zelenski qeyd edib. O, Ukraynanın sülh naminə artıq bir sıra kompromislərə getdiyini vurğulayıb.


Telegram kanalımız
Seçilən
86
yenisabah.az

1Mənbələr