AZ

Daxili Qoşunlar – dövlət təhlükəsizliyinin etibarlı dayağı

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 34 il ötür

“Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün  istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir”.

Ümummilli lider Heydər Əliyev.

 

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə  sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də  əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik  yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai sabitliyin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm rol oynayan qurumlardan biri olan Daxili Qoşunlar yarandığı gündən etibarən ölkədə ictimai asayişin qorunması, strateji əhəmiyyətli obyektlərin mühafizəsi və dövlət təhlükəsizliyinin təmin olunması kimi məsul vəzifələri yerinə yetirərək Azərbaycanın təhlükəsizlik sistemində xüsusi yer tutmuşdur. Daxili Qoşunların keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və şəxsi heyətin göstərdiyi qəhrəmanlıq nümunələri bu qurumun dövlətçiliyin qorunmasında mühüm rol oynadığını bir daha təsdiqləyir.

Azərbaycan Respublikasının Daxili Qoşunlarının formalaşması ölkənin müstəqilliyinin ilk illərinə təsadüf edir. 1991-ci ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Bakıda yerləşən hərbi hissələrinin bazasında Azərbaycanın Daxili İşlər Nazirliyinin tabeliyində hərbi hissələr yaradılmış və bununla da Daxili Qoşunların əsası qoyulmuşdur. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi həmin dövrdə qoşunların şəxsi heyəti qısa müddətdə təşkilatlanaraq dövlətin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində Daxili Qoşunların şəxsi heyəti ön cəbhədə də fəal iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik və qəhrəmanlıq nümunələri göstərmişdir. Xüsusilə 1992-ci il martın 12-də qoşunların hərbi hissələrinin döyüş əməliyyatlarına cəlb olunması Daxili Qoşunların tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Məhz buna görə də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanına əsasən martın 12-si “Daxili Qoşunlar Günü” elan edilmişdir.

Daxili Qoşunların inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu öndərin rəhbərliyi ilə ölkədə sabitlik bərpa edilmiş, hüquq-mühafizə və hərbi strukturların fəaliyyəti təkmilləşdirilmiş, Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət nəticəsində Daxili Qoşunlar müasir və peşəkar hərbi quruma çevrilmişdir.

 2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır. 

Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar qoşunların maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və hərbi təhsil sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu istiqamətdə qəbul edilən mühüm qərarlardan biri də hərbi təhsil sisteminin modernləşdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adı dəyişdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılmışdır. Həmin fərmanla eyni zamanda təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən nizamnamə yeni redaksiyada təsdiq edilmişdir. Sənədə əsasən, Hərbi İnstitut ali və əlavə təhsil proqramlarını həyata keçirən, hərbi sahədə tətbiqi elmi tədqiqatlar aparan və Daxili Qoşunlar üçün yüksək ixtisaslı zabit kadrları hazırlayan ali hərbi təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

Bu qərar Daxili Qoşunların peşəkar kadr potensialının daha da gücləndirilməsinə, müasir hərbi təhsil sisteminin formalaşdırılmasına və zabit hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. İnstitutun fəaliyyəti gənc zabitlərin yalnız hərbi bilik və bacarıqlara yiyələnməsi deyil, həm də vətənpərvərlik ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə  mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.

Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir. Bu isə bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində  Daxili Qoşunların maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

Yaradılan mükəmməl şəraitdən, ali diqqət və qayğıdan bəhrələnən Daxili Qoşunların şəxsi heyəti bu yüksək etimadı İkinci Qarabağ müharibəsində şərəflə və layiqincə doğrultdu. Vətən müharibəsinin ilk günlərindən əzəli torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərə qatılan Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstərərək yağı düşmənin canına qorxu saldılar. Xalqımızın tarixinə əsl qəhrəmanlıq salnaməsi kimi daxil olan İkinci Qarabağ müharibəsində böyük Qələbənin əldə olunmasında, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucaldı, 346 nəfər isə yaralandı. Daxili Qoşunların dörd əməkdaşı ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı bir daha sübut etdi ki, Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz, Vətən torpağının hər qarışı uğrunda, həmçinin ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır. 

Azərbaycan Respublikası Daxili Qoşunların inkişafı və döyüş hazırlığı səviyyəsinin artırılmasını yüksək dəyərləndirən Ali Baş Komandan, Prezident İlham Əliyevin  dediyi kimi: - “Son illər ərzində Daxili Qoşunlar sürətli inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir”.

Daxili Qoşunların keçdiyi şərəfli yol və qazandığı təcrübə göstərir ki, bu qurum Azərbaycan dövlətçiliyinin etibarlı dayaqlarından biridir. Dövlət başçısının diqqət və qayğısı, şəxsi heyətin peşəkarlığı və vətənə sədaqəti sayəsində Daxili Qoşunlar bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqda davam edəcəkdir.

Nurəngiz Adilqızı

XQ

                                                           

Seçilən
1
1
xalqqazeti.az

3Mənbələr