AZ

Yaş ayaqlar soyuqdəymə riskini artıra bilər - Həkimdən AÇIQLAMA

Yaş ayaqlar birbaşa soyuqdəyməyə səbəb olmasa da, bədənin soyumasına və immun sisteminin zəifləməsinə gətirib çıxara bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Rospotrebnadzorunun Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun CMD klinikalar şəbəkəsinin aparıcı eksperti, həkim Mikhail Lebedev danışıb.

Həkimin sözlərinə görə, soyuqdəymə əslində virus və ya bakteriyaların yaratdığı respirator infeksiyadır və xəstəliyin yaranması üçün mütləq patogenlə təmas olmalıdır.

Lebedev bildirib ki, yaş ayaqların özü xəstəliyin birbaşa səbəbi deyil. Lakin soyuq hava və küləklə birlikdə yaş ayaqlar bədənin həddindən artıq soyumasına səbəb ola bilər. Bu isə immuniteti zəiflədir və müxtəlif virus və bakteriyalarla təmas zamanı yoluxma ehtimalını artırır.

Ekspert həmçinin qeyd edib ki, insan orqanizmində şərti-patogen mikroorqanizmlər də mövcuddur. Normal şəraitdə bu mikroorqanizmlər xəstəlik yaratmır, lakin orqanizmin müdafiə qabiliyyəti zəiflədikdə aktivləşərək xəstəlik törədə bilər.

Həkim vurğulayıb ki, xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir. Onun sözlərinə görə, tənəffüs sistemi və sidik yolları xəstəlikləri, eləcə də şəkərli diabeti olan şəxslərdə xəstələnmə ehtimalı daha yüksəkdir.

Mütəxəssis soyuqdəymədən qorunmaq üçün mövsümə uyğun geyinməyi, su keçirməyən ayaqqabılar seçməyi və nəmliyi yaxşı hopduran təbii materialdan hazırlanmış corablardan istifadə etməyi tövsiyə edib.

Nuriyyə NATİQQIZI

Seçilən
80
redaktor.az

1Mənbələr