Serbiyanın MiQ-29 “Fulcrum” qırıcıları Çin istehsalı olan CM-400 “hava-yer” raketləri ilə silahlandırılıb.
“Poliqon” “The War Zone” nəşrinə istinadən xəbər verir ki, əvvəllər yalnız Pakistanın arsenalında olduğu bilinən Çin istehsalı CM-400 raketi indi Serbiyaya məxsus MiQ-29 qırıcılarında da müşahidə olunub.
Bildirilib ki, yaxın zamanda yayılan bir fotoda Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qanadının altındakı asqılarında iki ədəd CM-400 raketi daşıdığı görülüb.
Qeyd olunub ki, bundan əvvəl də Serbiya rəsmilərinin və yüksək hərbi rəhbərliyinin açıqlamalarında hansısa güclü yeni silah sisteminin arsenala daxil edilməsi ilə bağlı müəyyən işarələr mövcud idi. Ancaq ictimaiyyətə nümayiş etdirilmədiyindən bunun hansı məhsul oldğu bəlli deyildi.
CM-400 raketi Çinin “China Aerospace Science and Industry Corporation” (CASIC) şirkəti tərəfindən hazırlanıb və istehsal olunur. Raket əsasən ixrac üçün nəzərdə tutulub və hazırda Çin Ordusunda istifadə edilib və ya edilmədiyi məlum deyil.
2012-ci ildə təqdim edilən CM-400 raketinin uzunluğu təxminən 5,2 metr, diametri 40 sm və ümumi çəkisi təxminən 900 kq təşkil edir. Raket iki müxtəlif döyüş başlığı ilə təchiz edilə bilər:
150 kq ağırlığında yüksək partlayıcı döyüş başlığı
200 kq ağırlığında zirehdələn döyüş başlığı
CM-400 səsdən sürətli raketdir və CASIC-in məlumatına görə, uçuşun son mərhələsində 4,5 Mach sürətə çata bilir. Bəzi mənbələr onu hipersəs raketi kimi təsvir etsə də, bu tam doğru sayılmır, çünki hipersəs sürət adətən 5 Mach və daha yuxarı hesab edilir. Buna baxmayaraq, raket çox yüksək sürətə malikdir.
Raketin dəqiq uçuş məsafəsi tam məlum deyil. Müxtəlif mənbələr onun 250 km məsafəyə qədər uçduğunu bildirir, bəzi məlumatlara görə isə bu göstərici 300 km və hətta 400 km-ə qədər ola bilər.
CM-400 əsasən gəmi əleyhinə raket kimi tanınır və bəzən hətta “təyyarə gəmisi qatilı” kimi də adlandırılır. Bununla belə, raket radar əleyhinə variantda da istifadə edilə bilər və radiasiya yaymayan yerüstü hədəflərə qarşı zərbə imkanına malik olduğu da ehtimal edilir. Hədəf növündən asılı olaraq raket müxtəlif axtarıcı başlıqlarla təchiz oluna bilər. Bütün versiyalar inersial naviqasiya sistemi və GNSS ilə idarə olunur
Bundan əvvəl CM-400 raketinin yeganə təsdiqlənmiş xarici istifadəçisi Pakistan idi. Pakistan sözügedən raketi JF-17 “Thunder” çoxməqsədli qırıcılarında istifadə edir.
Pakistan rəsmiləri bildirmişdilər ki, raket ötən ilin may ayında Pakistan ilə Hindistan arasında baş vermiş qarşıdurma zamanı Hindistanın S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinə qarşı uğurla tətbiq olunub. Lakin bu məlumat hələ də müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hazırda isə görünür ki, Serbiya bu raket vasitəsilə regionda bənzəri az olan zərbə imkanına sahib olub.
