Ekologiya.az xəbər verir ki, şirkət ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT (Optik Xətt Terminalı) stansiyalarında günəş enerjisi sistemlərini quraşdıraraq alternativ enerji qida mənbəyi formalaşdırıb.
Layihə çərçivəsində hər iki stansiyada 5 kVt gücündə günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya olunmuş günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub. Mollakənd kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq günəş sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil prosesi tamamlanıb.
Tətbiq olunan həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.
Qeyd edək ki, “Aztelekom” 2026-cı il ərzində bərpa olunan enerji mənbələrinin tətbiqini digər ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.