“Son illərdə Azərbaycanın enerji siyasəti yalnız iqtisadi gəlir əldə etmək məqsədi daşımır, eyni zamanda ölkənin geosiyasi çəkisini artıran əsas strateji alətlərdən birinə çevrilib. Prezidentlərin səsləndirdiyi fikirlər və təqdim olunan faktlar göstərir ki, Azərbaycan enerji sektorunda paralel olaraq üç istiqamətdə fəaliyyət göstərir: qaz ixracının genişləndirilməsi, regional enerji platformasının qurulması və bərpaolunan enerji potensialının inkişafı. Bu model Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçılarından birinə çevrildiyini göstərir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Azərbaycan–Aİ enerji tərəfdaşlığı yeni mərhələdə
Komitə sədri bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı son illərdə strateji xarakter alıb: “2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu Avropanın enerji təchizatının şaxələndirilməsində Azərbaycanın rolunu daha da artırıb. Avropanın alternativ enerji mənbələrinə ehtiyacının artdığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır.
Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropa enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi isə enerji diplomatiyasının effektivliyini göstərən mühüm göstəricidir. Almaniya və Avstriya kimi iri Avropa iqtisadiyyatlarının bu ixrac coğrafiyasına daxil olması Azərbaycanın Avropa enerji sistemində mövqeyini daha da gücləndirir.
Qaz ixracı Azərbaycanın geosiyasi kapitalını artırır
Qaz ixracının genişlənməsi Azərbaycanın beynəlxalq sistemdə təsir imkanlarını da artırır. Bu proses təkcə enerji ticarəti deyil, həm də siyasi və iqtisadi tərəfdaşlıq mexanizmlərinin formalaşması deməkdir.
Mövcud boru kəməri infrastrukturu artıq tam yüklənmiş vəziyyətdədir və bu fakt Avropada Azərbaycan qazına olan tələbatın sabit və artan olduğunu göstərir. Bu isə yeni interkonnektorların və nəqliyyat infrastrukturlarının genişləndirilməsini strateji zərurətə çevirir”.
Yeni yataqlar – enerji strategiyasının növbəti mərhələsi
Deputat əlavə edib ki, Azərbaycanın uzunmüddətli enerji strategiyası yeni qaz yataqlarının işlənməsi ilə dəstəklənir: “Azəri-Çıraq-Günəşli yatağında dərin qaz laylarının işə salınması, Abşeron yatağının tammiqyaslı işlənməsi, Ümid yatağının ikinci mərhələsi və Şahdəniz layihəsinin növbəti fazası ölkənin hasilat potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Proqnozlara görə, maksimum istehsal mərhələsində əlavə 10–15 milyard kubmetr qaz hasilatı mümkün olacaq. Bu isə Azərbaycanın həm mövcud bazarlarda mövqeyini möhkəmləndirəcək, həm də yeni bazarlara çıxış imkanlarını genişləndirəcək.
Suriyaya qaz ixracı – enerji diplomatiyasının yeni forması
Suriyaya planlaşdırılan qaz tədarükü Azərbaycanın enerji siyasətində yeni yanaşmanın formalaşdığını göstərir. Bu addım yalnız kommersiya xarakteri daşımır, eyni zamanda enerji diplomatiyasının humanitar və sabitləşdirici funksiyasını nümayiş etdirir.
Elektrik enerjisi çatışmazlığının aradan qaldırılması vasitəsilə sosial sabitliyin gücləndirilməsi və iqtisadi fəaliyyət üçün yeni imkanların yaradılması regionda
Azərbaycanın təsir imkanlarını da artırır.
Yaşıl enerji – Azərbaycanın enerji modelində yeni istiqamət
Azərbaycanın enerji siyasətində diqqət çəkən əsas məqamlardan biri qaz və bərpaolunan enerji arasında balansın yaradılmasıdır. Bu strategiya ölkənin enerji təhlükəsizliyini qorumaqla yanaşı, qlobal iqlim gündəliyinə uyğun inkişaf modelini formalaşdırır.
ACWA Power tərəfindən inşa edilən 240 meqavat gücündə külək stansiyası və Masdar tərəfindən həyata keçirilən 230 meqavatlıq günəş elektrik stansiyası Azərbaycanın alternativ enerji sahəsində atdığı mühüm addımlardır.
2032-ci ilə qədər 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalının planlaşdırılması ölkənin daxili qaz istehlakını azaltmaqla yanaşı, ixrac üçün əlavə həcm yaradacaq. Bu model Azərbaycanın həm enerji ixracını artırmasına, həm də iqlim siyasətində realist və praqmatik mövqe tutmasına imkan verir.
Azərbaycan regional enerji platformasına çevrilir
Enerji sektorunda həyata keçirilən layihələr göstərir ki, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda regional enerji platforması rolunu oynamağa başlayır. Qazaxıstan və Türkmənistan neftinin tranziti, Türkiyədə elektrik stansiyasının alınması, Avropa ölkələrində enerji layihələrinə investisiya qoyuluşu Azərbaycanın enerji zəncirini genişləndirir.
Bu strategiya Xəzər regionundan Aralıq dənizinədək uzanan inteqrasiya olunmuş enerji sisteminin formalaşmasına xidmət edir.
Enerji siyasəti Azərbaycanın xarici siyasətinin əsas alətinə çevrilir
Son illərin təcrübəsi göstərir ki, enerji siyasəti Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biridir. Enerji layihələri ölkəyə yalnız iqtisadi gəlir gətirmir, eyni zamanda siyasi nüfuzun artmasına və beynəlxalq tərəfdaşlıqların genişlənməsinə də xidmət edir.
Qaz ixracının genişlənməsi, yaşıl enerji layihələrinin inkişafı və regional enerji platformasının yaradılması Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da artırır. Qarşıdakı əsas vəzifə isə bu potensialı nəqliyyat infrastrukturu, interkonnektorlar və yeni bazarlarla uyğunlaşdırmaqdır.
Beləliklə, Azərbaycan enerji siyasətində klassik ixrac modelindən daha geniş və strateji yanaşmaya keçərək regional aktordan qlobal enerji oyunçusuna çevrilmək istiqamətində mühüm addımlar atır”.
Mürtəza