AZ

Bakıda kifayət qədər bunker və sığınacaq var? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Regionda artan müharibə və təhlükəsizlik riskləri fonunda mülki əhalinin qorunması məsələsi yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə Bakı və digər iri şəhərlərdə insanların fövqəladə hallarda istifadə edə biləcəyi mülki sığınacaqların sayı və vəziyyəti ilə bağlı suallar yaranır. Belə infrastrukturların mövcudluğu və əlçatanlığı təhlükəsizlik sisteminin mühüm elementlərindən biridir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, müxtəlif müharibə və təhlükəsizlik riskləri fonunda Bakıda və ümumilikdə Azərbaycanda əhalinin istifadə edə biləcəyi bunker və mülki sığınacaqlar mövzusu dəfələrlə müzakirə olunub."Son İran–İsrail və İran–ABŞ gərginliyi fonunda bu məsələ yenidən aktuallaşıb və bir daha gündəmə gəlib. Bu sahədə müəyyən işlərin görüldüyünü demək olar. Lakin mənim şəxsi və subyektiv qənaətimə görə, mövcud imkanlar kifayət qədər olmaya bilər. Hətta sığınacaqlar mövcud olsa belə, əhali arasında geniş məlumatlandırma aparılması vacibdir. İnsanlar bilməlidirlər ki, mümkün radiasiya və ya digər təhlükə zamanı harada sığınacağa üz tuta bilərlər, fərdi qorunma vasitələrindən necə istifadə etməlidirlər, su və qida ehtiyatlarına haradan çıxış əldə edə bilərlər. Bu məsələlər praktiki baxımdan işlənilməli və cəmiyyətə aydın şəkildə çatdırılmalıdır".Ekspert bildirib ki, sığınacaqların mövcud vəziyyətinə gəldikdə isə, bu məsələ ilə əsasən müvafiq dövlət qurumları, ilk növbədə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və bölgələrdə fəaliyyət göstərən yerli icra strukturları məşğul olmalıdır. "Ola bilər ki, bu sahədə sənədlər üzərində müəyyən işlər görülüb, lakin real vəziyyətin hansı səviyyədə olduğunu dəqiq demək çətindir. Halbuki bu məsələ son dərəcə ciddi və həssasdır və onunla bağlı hər hansı səhlənkarlığa yol vermək olmaz. Dünyada təhlükəsizlik risklərinin artdığı bir dövrdə bu məsələlərə daha diqqətlə yanaşmaq lazımdır. Azərbaycanın həm şimalında, həm də cənubunda müəyyən geosiyasi gərginliklərin yaşandığı regionlar mövcuddur. Bu baxımdan ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün mülki müdafiə tədbirləri hər zaman aktual olmalıdır. Bu işlər gələcəyə saxlanılmamalı, mümkün qədər operativ şəkildə həyata keçirilməlidir. Çünki təhlükəsizlik məsələlərində hər saniyənin və hər dəqiqənin öz əhəmiyyəti var. Şəxsən mən bu sahədə hazırlıq səviyyəsinin yüksək olmasını arzulayıram. Onun sözlərinə görə, təkcə metro stansiyalarına və ya bəzi hündürmərtəbəli binaların qarajlarına güvənmək kifayət deyil. "Əhali kifayət qədər çoxdur və hər bir vətəndaşın fərdi müdafiə vasitələrinə sahib olması və onlardan istifadə qaydalarını bilməsi vacibdir. Çünki fövqəladə vəziyyət zamanı insanlar məlumat axtarmağa vaxt tapa bilməyəcəklər. Belə hallarda televiziya və ya digər kanallarda adi proqramlar yox, həyəcan xəbərləri yayımlanacaq. Həmin vaxt bir çox insan fərdi müdafiə vasitələrinin nə olduğu və harada yerləşdiyi barədə məlumat əldə etməkdə çətinlik çəkə bilər. Məsələn, texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi İsraildə belə müəyyən problemlər müşahidə olunur. İranda da oxşar vəziyyətlər yaşanır. Hər gün hücumlara məruz qalan Ukrayna və Rusiyada belə müəyyən sığınacaqlar və qorunma məkanları mövcuddur. Buna görə də Azərbaycanda da mülki sığınacaqlar və müdafiə infrastrukturu mümkün qədər yüksək və etibarlı səviyyədə qurulmalıdır".Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
demokrat.az

1Mənbələr