AZ

Neft bahalaşır, dünya bazarında yeni sınaq

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Neft və qaz qiymətlərində görünməmiş dərəcədə artımın müşahidə edildiyinə diqqət çəkən dövlət başçısı bunu istehlakçılara zərbə kimi dəyərləndirib. “Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”, deyə Prezident qeyd edib( AZƏRTAC).

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol da mövzuya diqqət çəkərək bildirib ki, neft bazarları qlobal xarakter daşıyır, buna görə də böyük miqyaslı pozuntulara cavab da qlobal olmalıdır. Onun sözlərinə görə, hazırda neft bazarı miqyasına görə misli görünməmiş problemlərlə qarşılaşır. “Enerji təhlükəsizliyi IEA-nın əsas mandatıdır və üzv ölkələrin qətiyyətli şəkildə birlikdə addım ataraq güclü həmrəylik nümayiş etdirməsindən məmnunam”, -deyə Fatih Birol vurğulayıb (APA-Economics).

Co

Professor, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan neft istehsal edən və onu dünya bazarlarında satan ölkədir. Professorun fikrincə, bazarda stabillik olmasa, ciddi təhdid yarana bilər:

“İlk baxışda qiymətlərin artımı, xüsusilə də siyasi və hərbi müstəvidə baş verən konfliktlər fonunda neft qiymətlərinin kəskin artımı neft hasilatçısı olan ölkələrə sərf edən bir hal olmalıdır. Yəni belə vəziyyətlərdə hasilatçı ölkələr öz neftini əvvəlkindən daha baha sataraq daha çox qazanc əldə edə bilirlər. Lakin bir gerçək ortadadır ki, neft hasil edən ölkələr də bu məhsulun istehlakçısı olan ölkələr kimi dünya iqtisadiyyatının və onun maliyyə sisteminin bir parçasıdırlar. Bu baxımdan hasilatçı ölkələr də dünya iqtisadiyyatında və onun maliyyə müstəvisində sabitliyin olmasının tərəfdarıdırlar. Bu gün neftin bir barelinin qiymətinin 70-80 dollar arasında dalğalanması normal hal kimi dəyərləndirilə bilər. Lakin ABŞ-İran hərbi qarşıdurması qiymətlərin kəskin artımına aparır və bu ciddi narahatçılıq doğuran bir haldır. Hər gün Hörmüz boğazından dünya neft bazarına çıxarılan 20%-ə qədər neftin qarşısı alınıb. Bazar bu qədər nefti uzun müddət ala bilməsə, neftin qiymətləri fantastik həddə qədər yüksələ bilər. Bu isə bütövlükdə dünya iqtisadiyyatı üçün ciddi təhdid deməkdir. İş o yerə çatıb ki, müharibəni dayandırmaq istəməyən ABŞ prezidenti neft bazarında yaranmış gərginliyi bir qədər azaltmaq üçün Birləşmiş Ştatların strateji ehtiyat kimi saxlanılan neftinin 172 milyon barelini satışa çıxartmaq göstərişi verib”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
108
2
musavat.com

3Mənbələr