GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda yerləşən “Bİ ES VİP” estetik klinikasında özbək əsilli İqbol Soliyev adlı “həkim”in müalicə metodu diqqət çəkib. Belə ki, “Bionur” brendinin sahibi kimi tanınan və bioenerji terapiyası ilə məşğul olduğunu iddia edən “həkim”in xəstələri əl enerjisi ilə müalicə etməsi klinikada izdihama səbəb olub. Onun qəbuluna gələn bir xəstənin ödəniş haqqı 60 manat olub və çox sayda insan qəbul üçün növbəyə dayanıb. Hətta tanınmış müğənni Elçin Hüseynov də İqbol Soliyevi evində qonaq edib və onun müğənnini “müalicə” etməsinə dair görüntülər paylaşılıb.
Doğrudanmı enerji ilə müalicə mümkündür?
Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, bu cür “müalicə” metodları əslində insanları aldatmaq məqsədi daşıyan propaqandadır:
“Ümumiyyətlə, bu cür şəxsləri efirə çıxaranlar, klinikaya dəvət edənlər də ciddi məsuliyyət daşıyırlar. İnsanların etibarından sui-istifadə edərək onları aldatmaq olmaz. Azərbaycanda bütün müalicə metodları dövlət reyestrində qeydiyyatdan keçməli, klinik protokollar tərtib olunmalıdır. Müalicədən kənar və qeydiyyatsız vasitələrin tətbiqi qanunsuzdur və təhlükəsizlik baxımından risklidir”.
A.Qeybulla əlavə edib ki, bəzi xəstələr, xüsusən onkoloji və autizm xəstələri, bu cür metodlara inanaraq müalicəni dayandıra və ya gecikdirə bilirlər:
“Bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Düzdür, bu metodlar birbaşa zərər verməyə bilər, amma xəstəlik gecikdikdə faciəvi nəticələrə gətirib çıxara bilər. Ona görə də insanlar diqqətli olmalıdırlar. Heç kimin enerjisi ilə ağır xəstəliklərin müalicəsi mümkün deyil, vətəndaşlar bunu anlamalıdır”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.