AZ

Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ



Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm hadisə kimi yadda qaldı. Bu mötəbər tədbir təkcə region ölkələri üçün deyil, bütövlükdə Avropa və Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerji sahəsində əldə etdiyi nailiyyətləri, gələcək planlarını və beynəlxalq tərəfdaşlıq istiqamətlərini geniş şəkildə təqdim etdi.
İclasın Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq dünya enerji xəritəsində mühüm strateji mərkəzlərdən birinə çevrilib. Prezident öz çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizi təşəbbüsü artıq on ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və bu müddət ərzində layihə beynəlxalq enerji əməkdaşlığının ən səmərəli platformalarından biri kimi özünü təsdiq edib. Bu təşəbbüsün əsas məqsədi Xəzər regionunun enerji resurslarını dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırmaqdır. Cənub Qaz Dəhlizi məhz bu məqsədin reallaşdırılmasına xidmət edən strateji layihə kimi böyük əhəmiyyət kəsb edir.
Prezident çıxışında vurğuladı ki, bu təşəbbüs başladığı dövrdə dünyada enerji təhlükəsizliyi məsələləri bu qədər aktual deyildi. Lakin son illərdə baş verən qlobal geosiyasi dəyişikliklər və enerji bazarındakı dalğalanmalar göstərdi ki, sabit və etibarlı enerji mənbələrinin mövcudluğu hər bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyərək bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verib.
Tədbirdə iştirak edən nümayəndələrin geniş tərkibi də bu layihənin əhəmiyyətini bir daha göstərdi. İclasda 27 ölkənin nümayəndələri, beynəlxalq maliyyə institutları və onlarla enerji şirkəti iştirak edirdi. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan enerji diplomatiyası sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi formalaşdırmağa nail olub.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkə olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan üzərindən müxtəlif ölkələrin enerji resursları dünya bazarına çıxarılır və bu istiqamətdə daşınan neft və qazın həcmi ildən-ilə artır. Xüsusilə Xəzərin şərq sahillərindən gələn enerji resurslarının daşınması üçün Azərbaycanın mövcud infrastrukturu geniş imkanlar yaradır.

Prezident həmçinin bildirdi ki, Azərbaycan enerji siyasətində yalnız ənənəvi enerji mənbələrinə deyil, eyni zamanda bərpa olunan enerji sahəsinə də böyük diqqət ayırır. Onun sözlərinə görə, ölkəmizin enerji strategiyası balanslı yanaşmaya əsaslanır. Bu strategiya həm təbii qaz kimi ənənəvi enerji resurslarından istifadəni, həm də günəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın yaşıl enerji planları artıq imzalanmış müqavilələrə əsaslanır və bu layihələrin həyata keçirilməsi ölkənin enerji sistemində yeni mərhələnin başlanğıcı olacaq. Bu layihələr yalnız daxili enerji təminatına deyil, həm də ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.
Prezident çıxışında Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsinə də xüsusi diqqət ayırdı. O qeyd etdi ki, Azərbaycanın Avropa enerji bazarında rolu getdikcə artır və ölkəmiz bu istiqamətdə uzunmüddətli tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə qaz tədarükünün artırılması enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bununla yanaşı, Prezident Azərbaycanın enerji sektorunda beynəlxalq investisiyaların artdığını da diqqətə çatdırdı. Son illərdə ölkəmizin enerji layihələrinə dünyanın aparıcı şirkətləri və maliyyə institutları böyük maraq göstərir. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuzun nəticəsidir.
Çıxış zamanı Prezident regionda enerji əməkdaşlığının genişlənməsinin vacibliyini də vurğuladı. O qeyd etdi ki, Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə enerji əlaqələrinin gücləndirilməsi yeni imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində elektrik enerjisinin ötürülməsi və enerji kabellərinin çəkilməsi kimi layihələr də gündəmdədir.

Dövlət başçısı xüsusilə Azərbaycanla Avropa arasında enerji əlaqələrini daha da gücləndirəcək yeni layihələrin perspektivindən danışdı. Onun sözlərinə görə, gələcəkdə Xəzər regionunun yaşıl enerji potensialı Avropa bazarına çıxarıla bilər. Bu isə Azərbaycanın enerji strategiyasını daha da genişləndirəcək.

Prezident həmçinin vurğuladı ki, enerji təhlükəsizliyi məsələlərinə ideoloji deyil, praqmatik yanaşma tələb olunur. Müasir dövrdə həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji resursları paralel şəkildə inkişaf etdirilməlidir. Azərbaycan da məhz bu yanaşmanı əsas götürərək hər iki istiqamətdə ciddi investisiyalar həyata keçirir.

Bu baxımdan Azərbaycanın enerji siyasəti yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Ölkəmiz regionda sabitlik və əməkdaşlıq platforması yaradaraq müxtəlif dövlətləri bir araya gətirir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və qlobal enerji siyasətində rolunun güclənməsinə səbəb olur.

Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan gələcək illərdə də enerji sahəsində strateji mövqeyini qoruyacaq. Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri ölkənin enerji strategiyasının əsas sütunları kimi çıxış edir.

Nəticə etibarilə, Bakıda keçirilən bu iclas Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmiz qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa davam edəcək və beynəlxalq enerji əməkdaşlığının inkişafına töhfələr verəcək.

Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı.



Seçilən
49
1
aia.az

2Mənbələr